ELM VƏ TƏHSİL
Türkdilli ölkələrin elmlər akademiyalarının nümayəndələri Milli Azərbaycan Tarixi Muzeyində
Bakı, 29 iyun, AZƏRTAC
Bakıda “Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edən Türkiyə, Qazaxıstan və digər ölkələrin elmlər akademiyalarının nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyində olublar.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, görüşdə muzeyin direktoru, akademik Nailə Vəlixanlı türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib.
Qonaqlar Azərbaycan tarixinin, mədəniyyətinin əks olunduğu ekspozisiya zalları, həmçinin muzeydə təşkil edilən Qazaxıstanın “Böyük çölün mirası. Zərgərlik sənətinin şah əsərləri” adlı sərgi ilə tanış olublar. Gələcəkdə muzeylə qarşılıqlı elmi-mədəni əməkdaşlıq əlaqələrinin qurulması barədə təkliflər verilib.
Sonra türkdilli dövlətlərin elmlər akademiyalarının nümayəndələrinə muzeyin nəşrləri olan kitab-albom, kataloq və bukletlər hədiyyə edilib.