SİYASƏT


Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib

Bakı, 2 sentyabr, AZƏRTAC

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası Dağlıq Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün fəaliyyətini gücləndirib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar bildirib. O qeyd edib ki, Türkiyənin Kocaeli şəhərində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzində ermənilərin tarixboyu azərbaycanlılara qarşı törətdiyi terroru əks etdirən muzey fəaliyyət göstərir. Bolqarıstan, Macarıstan və Almaniya televiziyaları erməni terrorunun dünyaya çatdırılması üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən muzeydə sənədli film hazırlayıb. Federasiya sədri əlavə edib ki, Türkiyə vətəndaşlarına və xarici qonaqlara hadisələri tam ətraflı çatdırmaq üçün Heydər Əliyev adına Mədəniyyət Mərkəzindəki kitabxananın və muzeyin daha da zənginləşdirilməsi istiqamətində bir sıra addımlar atılır. Əksər insanlar ermənilərin törətdikləri terror aktları ilə bağlı faktlarla ilk dəfə bu mərkəzdəki sənədlər əsasında tanış olublar.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri bununla yanaşı, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi sosial layihələrlə bağlı da məlumat verib. Onun sözlərinə görə, federasiyanın vasitəçiliyi ilə Kocaeli valiliyi bu şəhərdəki ali məktəbdə təhsil alan 200-ə yaxın azərbaycanlı tələbəyə birdəfəlik tələbə təqaüdü verib. Bundan başqa Kocaeli şəhər bələdiyyəsi və Türk Dünyası Bələdiyyələri Birliyinin sədri İbrahim Karaosmanoğlunun qərarı ilə azərbaycanlı tələbələrin bələdiyyəyə məxsus ictimai nəqliyyat vasitələrindən pulsuz istifadə etmələrinə imkan yaradılıb.

Həmçinin Bilal Dündar qeyd edib ki, oktyabr ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının da iştirakı ilə Kocaeli vilayətinin Körfəz bələdiyyəsinin sədri İsmayıl Baran başda olmaqla böyük nümayəndə heyəti Azərbaycana, Göyçay rayonuna səfər edəcək. Bu rayonda Körfəz istirahət parkının açılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.