CƏMİYYƏT
“Türkiyə-Azərbaycan əlaqələri və bölgədəki son proseslər” mövzusunda onlayn konfrans keçirilib
Ankara, 13 oktyabr, AZƏRTAC
Türk Dünyası Parlamentlər Vaqfının (TDPV) təşkilatçılığı ilə “Türkiyə-Azərbaycan əlaqələri və bölgədəki son proseslər” mövzusunda onlayn konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans “YouTube” kanalında canlı yayımlanıb.
Əvvəlcə Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı, TDPV-nin sədri Abdullah Çalışkan tədbirin məqsədi barədə ümumi məlumat verib.
Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, professorlar Selma Yel və Osman Kösə mövzu ətrafında fikir və mülahizələrini bölüşüblər.
Ermənistanın Azərbaycana qarşı illər uzunu davam edən işğalçılıq siyasətinin davam etdirilməsi dözülməz hal kimi dəyərləndirilib. Təcavüzkar dövlətin Azərbaycanda mülki əhalini hədəf alması, o cümlədən Gəncəyə ballistik raket atması insanlıq əleyhinə cinayət kimi dəyərləndirilib. Tarixi Azərbaycan torpaqlarında məqsədli şəkildə yaradılan Ermənistan terrorçuluq missiyası həyata keçirir, terroristlərdən hərbi qüvvə toplayır. Vurğulanıb ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun torpaqlarımızı işğal altından xilas etmək üçün həyata keçirdiyi əməliyyatlar beynəlxalq hüququn verdiyi haqdır. Prezident Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türkiyə dövlətinin və xalqının mənəvi dəstəyi əsl qardaşlıq nümunəsi olduğu qeyd olunub. Əminliklə ifadə edilib ki, müzəffər Azərbaycan Ordusu Dağlıq Qarabağı işğaldan azad etməsi ilə regionda yeni sülh, sabitlik və inkişaf mərhələsi yaranacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara