İQTİSADİYYAT


Türkiyə Azərbaycandan təbii qaz idxalını azaldıb

Bakı, 30 iyul, AZƏRTAC

May ayında Türkiyə Azərbaycandan 426 milyon kubmetr təbii qaz idxal edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb. Bildirilir ki, Türkiyənin Azərbaycandan idxal etdiyi qazın həcmi əvvəlki ilin eyni ayı ilə müqayisədə 51,6 faiz azalıb. Azərbaycan mayda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında üçüncü yerdə (birinci sırada Rusiya (1,86 milyard kubmetr), ikinci İran (860 milyon kubmetr) qərarlaşıb.

Qeyd edək ki, Türkiyə Azərbaycan təbii qazını Cənubi Qafqaz Boru Kəməri (CQBK) (Bakı-Tbilisi-Ərzurum) və TANAP-la idxal edir. Birinci rübdə Cənubi Qafqaz Boru Kəmərinin sutkalıq orta ötürücülük gücü 50,7 milyon kubmetr təbii qaz təşkil edib. Rüb ərzində CQBK və genişləndirilmiş boru kəməri (CQBKG) ilə bağlı fəaliyyətlərə təqribən 13 milyon dollar əməliyyat və 2 milyon dollar əsaslı xərclər sərf olunub.

Cənubi Qafqaz Boru Kəməri 2006-cı ilin sonlarında istismara verilib, hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” təbii qazını çatdırır. CQBKG isə kommersiya qaz həcmlərinin Türkiyəyə təhvil verilməsinə 2018-ci ilin iyununda, Avropaya isə 2020-ci ilin dekabr ayında başlayıb. Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları belədir: BP (operator) 28,8 faiz, “AzSCP” 10 faiz, “Cənub Qaz Dəhlizi Midstrim” 6,7 faiz, “Petronas” 15,5 faiz, “LUKoil” 10 faiz, “NICO” 10 faiz və “TPAO” 19 faiz.

2018-ci il iyunun 12-də Əskişəhərdə istifadəyə verilən TANAP qaz kəməri ilə Türkiyəyə ilk qaz həcmlərinin nəqli planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. TANAP boru kəməri 2019-cu il iyulun 1-dən etibarən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. TANAP boru kəmərinin ikinci fazası isə 2019-cu il noyabrın 30-da istifadəyə verilib.

TANAP-la Türkiyəyə kommersiya qazının nəqlinə başlanmasının birinci ili 2 milyard kubmetr qaz tədarük edilib. Ticari əməliyyatların ikinci ili keçən il iyunun 30-da bitib və həmin tarixə TANAP-la nəql edilən Azərbaycan qazının həcmi 6 milyard kubmetrə çatıb. Sonrakı dövrdə isə boru kəməri ilə ildə 6 milyard kubmetr qaz nəql olunacaq.

İstismara veriləndən bu vaxtadək TANAP-la Türkiyəyə 10 milyard kubmetrdən çox qaz nəql edilib. Bu ilin yanvar-may aylarında TANAP boru kəməri ilə Türkiyəyə 2,2 milyard kubmetrdən çox Azərbaycan təbii qazı göndərilib. TANAP-ın tam gücü ilə nəqlə başlayacağı 2022-ci ildən sonra hər il 1,5 milyard dollardan çox nəqletmə gəliri əldə olunacaq. TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi STEAŞ-a, 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Cari ilin ilk 5 ayında Azərbaycandan xaricə təbii qaz satışı təxminən 7,4 milyard kubmetr təşkil edib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 faiz çoxdur. Yanvar-may aylarında Türkiyəyə təqribən 4,2 milyard kubmetr, Avropaya təqribən təxminən 2,1 milyard kubmetr, Gürcüstana isə 1,1 milyard kubmetr qaz ixrac edilib. Həmin dövrdə Bakı-Tbilisi-Ceyhan boru kəməri sisteminə 43,2 milyon kubmetr qaz verilib.

Xatırladaq ki, Azərbaycan təbii qazını Avropaya nəql edən TAP boru kəməri ötən il noyabrın 15-dən istismara verilib. Dekabrın 31-dən isə kommersiya təbii qazının nəqlinə başlanılıb. TAP boru kəməri ilə indiyədək Avropaya 3 milyard kubmetrdən çox Azərbaycan təbii qazı nəql edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.