ELM VƏ TƏHSİL
Türkiyə Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

Bakı, 5 iyun, AZƏRTAC
2023-cü il oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin qurulmasının 100 ili tamam olur. Bu münasibətlə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu tərəfindən sentyabrın 20-21-də “Müsəlman Şərqinin çoxəsrlik tarixində dönüş nöqtəsi - Türkiyə Cümhuriyyəti” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, konfransda iştirak üçün tezis qəbuluna başlanılıb. Konfransa Türkiyə tarixi, ədəbiyyatı, iqtisadiyyatı, siyasi və ictimai həyatı, qardaş ölkə ilə Azərbaycan əlaqələri və türk dövlətləri münasibətlərinə dair elmi mövzuları əhatə edən tezislər təqdim oluna bilər. Tezislər Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir.
İştirak etmək istəyənlər tezisləri sentyabrın 1-dək [email protected] ünvanına göndərə bilərlər. Qəbul olunan tezislər sentyabrın 7-də elan olunacaq.
Konfransda iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq.