CƏMİYYƏT


Türkiyə Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentinin nümayəndə heyəti ölkəmizdə səfərdədir

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamenti (AFAD) rəhbərinin müavini İsmayıl Palakoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfərə gəlib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planı”na əsasən, FHN ilə AFAD arasında əlaqələrin inkişaf etdirilməsi, müxtəlif istiqamətlər üzrə məlumat və təcrübə mübadiləsinin genişləndirilməsi, münasibətlərin ayrı-ayrı aspektləri üzrə fikir mübadiləsinin aparılmasıdır.

Səfər çərçivəsində nazir müavini general-leytenant Etibar Mirzəyev nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyində keçirilən görüşdə qonaqları nazir Kəmaləddin Heydərovun adından salamlayan Etibar Mirzəyev əvvəlcə Türkiyədə baş vermiş güclü qasırğa nəticəsində dünyasını dəyişənlərlə əlaqədar başsağlığı verib və yaralılara Allahdan şəfa dilədiyini bildirib.

Nazir müavini Azərbaycan torpaqlarının işğaldan azad olunmasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və qardaş türk xalqının Azərbaycan dövlətinin və xalqının yanında olduğunu xatırladaraq, bunu qardaşlığımızın bariz nümunəsi adlandırıb. E.Mirzəyev hər iki qardaş ölkə arasındakı münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, digər sahələrdə olduğu kimi, fövqəladə halların idarə edilməsi istiqamətində də sıx əməkdaşlıq münasibətlərinin qurulduğunu deyib. Nazir müavini 2011-ci ildə Türkiyənin Van vilayətində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq qardaş ölkəyə köməyə yetişən ilk ölkənin Azərbaycan olduğunu xatırladıb. O, həmçinin bu ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi məqsədilə qardaş ölkəyə göndərilmiş FHN-in yanğın-xilasetmə qüvvələrinin fəaliyyətinə də toxunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən AFAD rəhbərinin müavini İsmayıl Palakoğlu Azərbaycanda təlim zamanı hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olmuş hərbi qulluqçularımızla əlaqədar başsağlığını çatdırıb, yaralananlara şəfa dilədiyini deyib.

Hər iki ölkənin fövqəladə hallarla mübarizə sahəsində fəaliyyət göstərən qurumları arasında mövcud əlaqələrin ildən-ilə inkişaf etdiyini önə çəkən İ.Palakoğlu bu ilin yayında Türkiyədəki yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürən-xilasedicilərinin fəaliyyətini yüksək qiymətləndirdiklərini ifadə edib. Göstərilən dəstəyə və köməyə görə Prezident İlham Əliyevə və qardaş Azərbaycan xalqına bir daha təşəkkürlərini bildirən qonaq hər iki ölkənin müvafiq qurumları arasında bundan sonra da əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini diqqətə çatdırıb. İsmayıl Palakoğlu Azərbaycan FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi üçün iki ölkənin qurumları arasında birgə əməkdaşlığın genişləndirilməsinin vacibliyini də vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, Azərbaycan-Türkiyə qardaşlığına həsr olunmuş videoçarxlar nümayiş etdirilib.

Sonra türkiyəli qonaqlar FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə səfər edib, Agentliyin rəisi Cəbrayıl Xanlarov ilə görüşüb, qurumun fəaliyyəti ilə yerində tanış olublar.

Səfər çərçivəsində AFAD nümayəndə heyəti FHN-in strukturuna daxil olan digər qurumlarına və Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinə də səfər edəcək, bu qurumların fəaliyyəti ilə yaxından tanış olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.