REGİONLAR
Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Bərdə terrorunun izləri ilə tanış olub
Bakı, 4 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndə heyəti Bərdəyə səfər edib.
Azərbaycan Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, səfər zamanı türkiyəli gənclərə ölkəmizdə yüz minlərlə dinc sakinin otuz ilə yaxındır Ermənistanın davamlı təcavüzündən əziyyət çəkdiyi bildirilib. Qeyd olunub ki, düşmən döyüş meydanındakı məğlubiyyətinin acısını mülki əhalimizə terror törətməklə çıxır.
Son günlərdə törədilmiş belə müharibə cinayətlərindən biri də 100 min əhalinin yaşadığı Bərdə rayonunun hədəfə alınmasıdır. Oktyabrın 27-də və 28-də Bərdə şəhərinin beynəlxalq səviyyədə qadağan edilmiş kasetli raketlərlə atəşə tutulması nəticəsində isə 1 uşaq, 8 qadın olmaqla 27 dinc sakin həlak olub, çoxlu sayda mülki şəxs xəsarət alıb.
Ermənistanın Bərdədə törətdiyi terrorun izləri ilə tanış olan Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti gördüklərindən dərin təsirləndiklərini bildirib, törədilmiş müharibə cinayətləri qarşısında kədər hisslərini gizlədə bilməyiblər.
Bərdə şəhərinə səfər zamanı cəbhəyanı bölgələrdən sığınacaqlara yerləşdirilmiş ailələri də ziyarət edən nümayəndə heyəti oradakı azərbaycanlı ailələrlə söhbət edərək, ehtiyaclarını öyrənib, bu hadisələrdən zərər görmüş ailələrə bağlamalar veriblər.
Türkiyə Cümhuriyyəti Gənclik Vəqfinin baş direktoru Enes Eminoğlu bildirib ki, Ermənistanın yüz illər boyu türk dünyasına, xüsusən Türkiyə və Azərbaycana qarşı apardığı düşmənçilik siyasətini qınayır. Bundan sonra da iki qurumun qeyd edilən məsələlərə qarşı beynəlxalq arenada birgə mübarizə aparacaqlarını bəyan edən Enes Eminoğlu, gələcəkdə baş tutacaq birgə fəaliyyətin daha da genişləndirilməsi məqsədilə iki qurum arasında işçi qrupunun yaradıldığını qeyd edib. Bu qrupun əsas məqsədi Azərbaycan və Türkiyənin haqq səsinin bütün dünyaya çatdırılmasıdır.