DÜNYA
Türkiyə-Gürcüstan yüksəksəviyyəli strateji şuranın iclası keçiriləcək
Tbilisi, 2 iyun, AZƏRTAC
Biz Türkiyə ilə Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı və möhkəmləndirilməsi istiqamətində səylərimizi davam etdirəcəyik. Bu məqsədlə bu il ərzində Türkiyə-Gürcüstan yüksəksəviyyəli strateji şuranın iclasının keçirilməsi barədə qərar qəbul etmişik.
AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
Türkiyə Prezidenti bildirib ki, artıq iclasın keçirilməsi ilə bağlı hər iki tərəfdən müvafiq göstərişlər verilib.
“İnanırıq ki, strateji tərəfdaşlıq şurasının görüşü münasibətlərimizin daha da möhkəmlənməsinə və genişlənməsinə töhfə verəcək”, - deyə, Türkiyə Prezidenti vurğulayıb.
Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə keçirdiyi görüşdə regional əməkdaşlıq məsələləri də müzakirə olunub. “Biz görüşdə regional məsələləri də nəzərdən keçirdik. Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı kimi görür. İnanırıq ki, regionda sülhün bərqərar olması və bölgənin əhəmiyyətini artırmaq üçün müxtəlif işlər görə bilərik”, - deyə Türkiyə Prezidenti bildirib.
Onun sözlərinə görə, Azərbaycan ilə üçtərəfli əməkdaşlıq bu baxımdan çox mühüm əhəmiyyət kəsb edir.
“Türkiyə regionda istənilən üçtərəfli əməkdaşlığı, o cümlədən Gürcüstan-Azərbaycan-Türkiyə və ya Gürcüstan-Ermənistan-Türkiyə əməkdaşlığını dəstəkləyir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi