CƏMİYYƏT


Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatı Ermənistanın Azərbaycana qarşı cinayətlərinə dair hesabatını təqdim edib

Ankara, 19 oktyabr, AZƏRTAC

Ankara şəhərində Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatı (TİHEK) işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlər barədə hesabatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, TİHEK-in Qarabağda İnsan Haqları Müşahidə Qrupu tərəfindən hazırlanan hesabatın təqdimat mərasimində Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, diplomatlar, aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Türkiyə İnsan Haqları və Bərabərlik Təşkilatının sədri Məhərrəm Kılıç TİHEK-in Qarabağda İnsan Haqları Müşahidə Qrupunun təxminən bir illik müddəti əhatə edən araşdırma missiyasının nəticələri və onun əhəmiyyəti barədə geniş məlumat verib.

Sonra Ankara Yıldırım Bəyazit Universitetinin professoru Yücəl Acər hazırlanan hesabatın istiqamətlərindən danışıb. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan Birinci Qarabağ savaşında olduğu kimi, Vətən müharibəsində də münaqişələr haqqında beynəlxalq hüququn bütün istiqamətlərinə dair qaydaları və tələbləri, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının tələblərini məqsədli şəkildə pozub – müharibə cinayətləri törədib, dinc əhaliyə qarşı qadağan olunmuş silahlardan, həmçinin fosforlu bombalardan istifadə edib, dinc əhalini və mülki obyektləri qəsdən hədəf alıb. Bildirilir ki, mövcud vəziyyətdə ən təhlükəli cinayət işğaldan azad olunan ərazilərdə basdırılan minaların xəritələrinin Azərbaycana verilməməsidir.

Hesabatda diqqətə çatdırılır ki, bölgədə uzunmüddətli sülhə nail olmaq üçün Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın şərtlərinə əməl edərək, öhdəliyinə sadiq qalmalıdır.

Hesabatın təqdimatından sonra ombudsman Səbinə Əliyeva mükəmməl araşdırmaya və beynəlxalq əhəmiyyətli sənədə görə TİHEK-in rəhbərliyinə, həmçinin təşkilatın Qarabağda İnsan Haqları Müşahidə Qrupunun üzvlərinə səmimi minnətdarlığını ifadə edib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı Qələbəni, tarixi ədalətin bərpa olunmasında Türkiyənin göstərdiyi siyasi-mənəvi dəstəyi xatırladan ombudsman Səbinə Əliyeva əminliklə vurğulayıb ki, təqdim olunan hesabat yalnız Ermənistanın cinayətlərini deyil, eyni zamanda, haqq və ədalətin necə çətinliklə öz yerini tutduğunu gələcək nəsillərə olduğu kimi çatdıracaq.

Çıxışlarda Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və bunun nəticəsində ortaya çıxan işğal faktı, dövlətimizin bu problemi sülh yolu ilə həll etmək üçün göstərdiyi səylərin boşa çıxması, ölkəmizin ərazi bütövlüyü ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri, təcavüzkar tərəfin fasiləsiz olaraq təxribatlar törətməsi və yeni ərazilər işğal etmək cəhdi, nəhayət, işğalçı tərəfin hərbi hücumları nəticəsində baş verən müharibə və Azərbaycanın 44 günlük savaşda qazandığı şanlı Qələbə barədə iştirakçılara müfəssəl məlumat verilib. Diqqətə çatdırılıb ki, təcavüzkar Ermənistan 44 gün ərzində Azərbaycanın dinc insanlarını, mülki obyektləri hədəfə almaqla bəşəri cinayətlər törədib.

Təqdim olunan hesabatdakı faktlar bu cinayətləri törədənlərin beynəlxalq ədalət məhkəməsi qarşısına çıxarılması üçün təkzibolunmaz dəlillərdir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.