SİYASƏT
Türkiyə KİV-ləri Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli Zirvə görüşündən bəhs edir
İstanbul, 10 avqust, AZƏRTAC
Türkiyə KİV-ləri avqustun 8-də Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Zirvə görüşü barədə geniş məlumatlar yayıb.
Məlumatlarda Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün tarixi əhəmiyyət daşıdığı bildirilir. Üç ölkə arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmli olduğu vurğulanır.
Anadolu Agentliyi, “cnnturk.com”, “haberler.com” kimi nüfuzlu xəbər portallarında, o cümlədən Türkiyənin aparıcı televiziya kanallarında yayılan məlumatlarda imzalanan birgə Bəyannamənin əhəmiyyəti, onun regional inkişafa təsir imkanları kimi məsələlər ətrafında şərhlər verilib. Bundan başqa, Türkiyə KİV-ləri Azərbaycan-Rusiya, Azərbaycan-İran ikitərəfli münasibətlərinin inkişafı məsələlərindən də bəhs etməkdədir. Bütün bu nailiyyətlərdə Azərbaycanın uğurlu xarici siyasətinin təsiri qeyd olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul