Türkiyə MSK seçkilərə buraxılacaq 36 partiyanın siyahısını təsdiqləyib
AzerTAg.az

Bakı, 11 mart, AZƏRTAC
Türkiyənin Ali Seçki Şurası (Mərkəzi Seçki Komissiyası, MSK) mayın 14-də keçiriləcək prezident və parlament seçkilərində iştirak edə biləcək 36 partiyanın siyahısını təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu barədə seçkilərə hazırlıq işlərinə başlayan MSK məlumat yayıb.
Məlumata görə, səsvermə yerli vaxtla saat 08:00-dan 17:00-yədək davam edəcək. Sonuncu seçki məntəqəsi bağlandıqdan sonra səslərin sayılması prosesi başlayacaq və protokollar MSK-ya göndəriləcək. Bununla eyni vaxtda KİV real vaxt rejimində bülletenlərin işlənməsinə dair məlumatları açıqlayacaq.
Dünən axşam MSK ölkədə ümumi seçkilərin mayın 14-də keçirilməsi barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarını təsdiqləyib. Əgər birinci turda prezident postuna namizədlərin heç biri 50 faizdən çox səs toplamasa, seçkilərin ikinci turu mayın 28-də keçiriləcək.
Hazırda seçkilərdə indiki dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və altı müxalifət partiyasının koalisiyası tərəfindən namizədliyi irəli sürülmüş Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu iştirak edirlər. Digər siyasi partiyalar da prezident vəzifəsinə öz namizədlərini irəli sürə bilər.
Xəbərin mətnində orfoqrafik səhv var