CƏMİYYƏT
Türkiyə Ordusu ilə birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin dünyada ön sıralarda yer aldığını göstərir
Bakı, 30 iyul, AZƏRTAC
Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri iki qardaş ölkənin silahlı qüvvələrinin döyüş gücünün artırılması üçün mühüm rol oynayır. Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimləri, eyni zamanda, ordumuzun NATO standartlarına tam cavab verdiyinin sübutudur. NATO-nun ən güclü ordularından biri olan Türkiyə ordusu ilə birgə təlimlər, Azərbaycan Silahlı Qüvvələrinin həm maddi-texniki təchizat, həm peşəkarlıq baxımından mövcud vəziyyətini, həm də dünya orduları sırasında ön yerlərdə qərarlaşdığını göstərir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, Türkiyə ordusu NATO-nun sülhyaratma missiyalarında fəal iştirak edir. Bu nöqteyi-nəzərdən NATO standartları əsasında təşkil olunan Türkiyə ordusu ilə keçirilən birgə təlimlər Azərbaycan Silahlı Qüvvələrinin güc və hazırlıq səviyyəsindən xəbər verir. Beynəlxalq reytinq mərkəzlərinin hesabatları da bu həqiqəti təsdiqləyir. Bu baxımdan ordumuzdakı bu inkişaf hər birimiz üçün olduqca qürurvericidir.
C.Xəlilov deyib ki, birgə hərbi təlimlər Azərbaycan torpaqlarını uzun illərdir işğal altında saxlayan Ermənistan və onun havadarlarına həm də siyasi baxımdan mesajdır. Bu, o deməkdir ki, Türkiyə istənilən halda Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək. Bu baxımdan işğalçı Ermənistanın, habelə ona havadarlıq edən qüvvələrin bundan nəticə çıxarmaqlarına ehtiyac var.
“Hazırda Ermənistanda ciddi gərginlik və ağır böhran mövcuddur. Boş büdcəyə, zəif iqtisadiyyata malik Ermənistanda ciddi ictimai-siyasi qarşıdurma hökm sürür. Lakin buna baxmayaraq, rəsmi İrəvan işğal edilmiş Azərbaycan torpaqlarını azad etmək istiqamətində heç bir addım atmır. Ermənistan öz işğalçılıq siyasətindən imtina etməsə, bu, Azərbaycanı hərbi yola əl atmağa məcbur edəcək. İstər 2016-cı ilin aprel döyüşləri, istərsə də bu ilin iyul döyüşləri göstərdi ki, Azərbaycan Ordusu qısa zamanda düşmənə güclü zərbələr endirmək, onu ilk həmlədən məğlub etmək qüdrətinə malikdir. Odur ki, Ermənistan mövcud reallığı dərk etməli, işğalçı və təcavüzkar siyasətindən əl çəkməlidir. Rəsmi İrəvanın bu məsələdə başqa yolunun olmadığını düşünürəm”, - deyə polkovnik C.Xəlilov vurğulayıb.