DÜNYA
Türkiyə Prezidenti Abdullah Gül İtaliyada səfərdədir VİDEO
Roma, 29 yanvar (AZƏRTAC). Türkiyə Prezidenti Abdullah Gül İtaliyaya dörd günlük rəsmi səfərə gəlmişdir.
Səfər çərçivəsində Prezident Abdullah Gül İtaliyanın dövlət başçısı Ciorcio Napolitano ilə görüşmüşdür.
Görüşdə Türkiyənin Avropaya inteqrasiyası, İtaliyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə iki ölkə arasındakı əlaqələr, Suriya problemi, iqtisadi münasibətlər və digər mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdən sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış etmişlər. Prezident Ciorcio Napolitano ölkəsinin Aİ Şurasına sədrliyi dövründə Türkiyə ilə qurum arasında dialoqun gücləndirilməsinə çalışacağını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Suriya münaqişəsinin həllini tapması istiqamətində bütün səylər səfərbər edilməlidir. İtaliya dövlətinin başçısı Türkiyə hökumətinin 700 min suriyalı qaçqına qucaq açmasını yüksək qiymətləndirmişdir.
Prezident Abdullah Gül Türkiyənin Aİ-yə üzvlüyü məsələsində hər zaman İtaliyanın dəstəyinin hiss olunduğunu diqqətə çatdırmışdır. Suriya münaqişəsinin bütün dünya üçün böyük problem olduğunu deyən Türkiyənin dövlət başçısı məsələnin həllinin vacibliyini vurğulamışdır. Prezident Abdullah Gül, həmçinin Türkiyə ilə İtaliya arasında iqtisadi əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu diqqətə çatdırmışdır.
Səfər çərçivəsində Romada Yunus Emre Türk Mədəniyyət Mərkəzinin açılışında, Türkiyə-İtaliya biznes forumunda iştirak edəcək Prezident Abdullah Gülün İtaliyanın bir sıra dövlət və hökumət rəsmiləri ilə görüşləri də nəzərdə tutulmuşdur.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma