İQTİSADİYYAT


Türkiyə Prezidenti Azərbaycanın da təmsil olunduğu “MUSİAD Expo 2020” sərgisini ziyarət edib

İstanbul, 20 noyabr, AZƏRTAC

Bu gün səpəcəyimiz toxumları və sabahın meyvələrini toplamaq üçün əlimizdəki bütün imkanlardan istifadə etməli olduğumuz bir dövrü yaşayırıq. Pandemiya ilə əlaqədar lazım olan bütün tədbirləri görürük, alimlərimizin tövsiyələrinə uyğun olaraq lazımi addımları atırıq. Pandemiyanın ikinci dalğasının dünyanı bürüdüyü bu dövrdə başqalarına nisbətən daha yaxşı vəziyyətdəyik. Bütün imkanları səfərbər edərək istehsalı və ixracı davam etdiririk. İşçilərimizdən tutmuş ehtiyacı olan vətəndaşlarımıza qədər cəmiyyətin hər bir təbəqəsinə lazımi yardımları göstəririk.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “MUSİAD Expo 2020” sərgisində çıxışı zamanı bildirib.

Türkiyə Prezidenti deyib: “Həm pandemiya ilə bağlı problemləri, həm də iqtisadi çətinlikləri əməkdaşlıq və həmrəylik çərçivəsində birlikdə aradan qaldıraraq hədəflərimizə nail ola bilərik. Bunun üçün hər birimizin üzərinə müəyyən vəzifə düşür.

Xatırladaq ki, noyabrın 18-dən 21-dək keçirilən beynəlxalq sərgidə Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır” (“Karabakh is Azerbaijan”) stendi ilə təmsil olunur. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhərağa məscidinin formasında dizayn edilib.

Azərbaycan indiyədək müxtəlif ölkələrdə təşkil edilmiş beynəlxalq sərgilərdə iştirak etsə də, ilk dəfədir ki, “Qarabağ Azərbaycandır” qələbə şüarı ilə dost və qardaş Türkiyədə keçirilən beynəlxalq sərgidə təmsil olunur.

“Qarabağ Azərbaycandır” stendində işğaldan azad edilən rayonlarımızın mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar nümayiş etdirilir, ölkəmizin sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar verilir. Ümumilikdə, Azərbaycanın stendində əsasən sənaye sahəsində mədən, tikinti, elektrik, nəqliyyat və rabitə kommunikasiyaları, avtomobil sənayesi, əczaçılıq sektorları, sənaye parkları və onların rezidentləri olmaqla, 20-yə yaxın şirkətə məxsus məhsullar barədə məlumatlar verilir, Qarabağın mədəni irsini və sənətkarlıq nümunələrini əks etdirən xalçalar, kəlağayı və sair nümayiş edilir.

Ölkəmizin sərgidə builki iştirakının məqsədi Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir. Azərbaycanın qələbə şüarı olan “Qarabağ Azərbaycandır” stendi sərginin ziyarətçiləri tərəfindən maraqla qarşılanır.

Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisi Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MUSİAD) təşkilatçılığı ilə keçirilir. Noyabrın 21-dək davam edəcək sərgidə 80-dən çox ölkədən olan şirkətlərin məhsulları nümayiş edilir. Sərgi çərçivəsində bir sıra tədbirlərin, o cümlədən beynəlxalq biznes-forumun, iş adamları arasında ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.