DÜNYA
Türkiyə Prezidenti: Qlobal iqtisadi böhrana qarşı mübarizədə rəqəmsallaşmanın imkanlarından istifadə etmək vacibdir
Bakı, 23 sentyabr, AZƏRTAC
Pandemiyanın və bununla əlaqədar dərinləşən iqtisadi böhranın dayanıqlı inkişaf və 2030 hədəfləri baxımından mənfi təsirləri var. Bu böhran inkişaf etməkdə olan və az gəlirli ölkələrə daha çox təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Məclisinin 75-ci illik sessiyasında onlayn çıxışında deyib.
Türkiyə Prezidenti qeyd edib ki, pandemiya zamanı baş verənlər bizə dayanıqlı inkişaf məqsədlərinin hər cür qlobal böhranlarla mübarizədə mühüm bir “yol xəritəsi” ola biləcəyini göstərdi. Qlobal böhrana qarşı mübarizədə iqtisadi vasitələr yaradılarkən rəqəmsallaşmanın imkanlarından istifadə etmək vacibdir.
BMT Baş katibinin "Rəqəmsal Əməkdaşlıq Xəritəsi"nin yaradılması fikrini dəstəklədiyini söyləyən Rəcəb Tayyib Ərdoğan qlobal və regional məsələləri müzakirə etmək üçün ilk dəfə “Antalya Diplomatiya Forumu”nu keçirəcəklərini və onun mövzusunu “Rəqəmsal dövrdə diplomatiya” olaraq müəyyənləşdirdiklərini deyib.
“Çoxtərəfli münasibətlərə güclü dəstəyimiz yaşadığımız bu həssas dövrdə də davam edəcək. Bununla yanaşı, beynəlxalq birliyi təhdid edən bütün sınaqlara qarşı birgə mübarizədə əməkdaşlığı genişləndirmək önəmlidir. Dünyanın ən məşhur şəhərlərindən biri olan İstanbulu BMT-nin mərkəzinə çevirmək istiqamətində də addımlar atacağıq”, – deyə Prezident Ərdoğan vurğulayıb.