DÜNYA
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanına səfərə gedib
İstanbul, 28 aprel, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kral Salman bin Əbdüləzizin dəvəti ilə Səudiyyə Ərəbistanına səfərə gedib.
AZƏRTAC xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan səfərdən əvvəl İstanbul Atatürk Hava Limanında keçirdiyi mətbuat konfransında gündəlikdə duran, həmçinin qlobal və regional proseslər, eləcə də ölkədaxili məsələlərlə bağlı fikir və mülahizələrini bölüşüb, jurnalistləri maraqlandıran sualları cavablandırıb.
Prezident Ərdoğan diqqətə çatdırıb ki, səfər çərçivəsində iki qardaş ölkə Türkiyə-Səudiyyə Ərəbistanı münasibətlərinə dair bütün istiqamətlər nəzərdən keçiriləcək, qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılacaq.
BMT Baş katibinin Ankaranı ziyarət edib sonra Rusiya və Ukraynaya səfər etməsini xatırladan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə bölgədə sülhün yaranmasına səylərini davam etdirir.
Səfər iki gün davam edəcək.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul