RƏSMİ SƏNƏDLƏR


Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

- Dəyərli qardaşım.

Hörmətli tədbir iştirakçıları.

Sizi ən səmimi duyğularla və hörmətlə salamlayıram.

“Əsrin müqaviləsi” olaraq adlandırılan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Sazişin 2050-ci ilə qədər uzadılmasının ölkələrimiz üçün xeyirli olmasını arzu edirəm.

1994-cü il sentyabrın 20-də Azərbaycan ilə “Türkiyə Petrolları” şirkətinin də daxil olduğu beynəlxalq konsorsium arasında imzalanan müqavilənin uzadılmasını təmin edən Zati-aliləri cənab Prezidenti və bütün aidiyyəti şəxsləri ürəkdən təbrik edirəm.

Bu tarixi müqavilə və 2006-cı ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin hasilatına və dünya bazarına təhlükəsiz şəkildə nəqlinə imkan yaradıb.

Beləliklə, başda Azərbaycan olmaqla bütün bölgənin sabitliyinə, inkişafına, strateji mövqeyinin möhkəmlənməsinə əhəmiyyətli töhfə verilib.

Şübhəsiz ki, bu layihə beynəlxalq və regional səviyyədə həyata keçiriləcək səmərəli əməkdaşlığın ən gözəl nümunələrindən biridir.

Azərbaycan neftinin Türkiyədən keçərək dünyaya çatdırılması ilə başlayan əməkdaşlıq prosesi “Şahdəniz-1” və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəməri layihələri ilə daha da dərinləşib.

Sonda, “Şahdəniz-2” və gələn il açılışını edəcəyimiz Trans-Anadolu təbii qaz boru kəməri, inşallah, bu əməkdaşlığımızın zirvəsi olacaq.

“Bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan bu günə qədər olduğu kimi, gələcəkdə də xüsusilə enerji sahəsində həmrəy şəkildə addımlayacaqlar.

Bu münasibətlə dəyərli dostum Prezident İlham Əliyev başda olmaqla bütün azərbaycanlı qardaşlarıma ən dərin sevgilərimi çatdırıram.

Hörmətlə,

 

Rəcəb Tayyib Ərdoğan

Türkiyə Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin