RƏSMİ SƏNƏDLƏR


Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım.

29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm.

Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı “Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2020-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin