DÜNYA
Türkiyə Silahlı Qüvvələrinin bölmələri İdlibə girib
Bakı, 13 oktyabr, AZƏRTAC
Oktyabrı 12-də Türkiyə ordusunun hissələri və ağır texnikası Suriyanın şimal-qərbində yerləşən İdlib əyalətinə daxil olub.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu məlumatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahı yayıb. Türkiyə hərbçilərinin vəzifəsi Astana razılaşması çərçivəsində gərginliyi azaltma bölgəsi elan olunmuş İdlibdə atəşkəsin təsis və müşahidəsini aparmaq, humanitar yardımların çatdırılması və qaçqınların geri dönməsi üçün lazımi şəraiti təmin etməkdir.
Xarici KİV-lərin məlumatlarına görə, İdlibdə Türkiyə Silahlı Qüvvələrinin 30-a yaxın hərbi texnikası, həmçinin 120-dən çox xüsusi təyinatlı hərbçisi dislokasiya olunub.
Bundan üç gün əvvəl, oktyabrın 9-da Baş qərargah İdlib əyalətində əməliyyata başladığını elan etmişdi. İlk türk əsgərləri isə oktyabrın 8-də gərginliyin azaldılması bölgəsində təhlükəsizliyə dəstək vermək məqsədi ilə istifadə olunacaq müşahidə məntəqələrini qurmaq üçün İdlibə gəlib.