İDMAN
Türkiyə Superliqası: “Trabzonspor” “Antalyaspor”u məğlub edib
Bakı, 6 aprel, AZƏRTAC
Aprelin 5-də futbol üzrə Türkiyə Superliqasının XXVII turunun ilk görüşündə “Trabzonspor” doğma meydanda “Antalyaspor”u qəbul edib.
AZƏRTAC xəbər verir ki, “Medikal Park Arena”da reallaşan görüş hər iki tərəfin qarşılıqlı hücumları ilə yadda qalıb. Görüşün 9-cu dəqiqəsində “Antalyaspor”un hücumçusu Suleyman Doukara hesabı açıb. Lakin meydan sahiblərinin cavab qolu çox da gecikməyib. Antoni Nvakaeme 21-ci dəqiqədə hesaba tarazlıq gətirib. Meydan sahibləri bir daha görüşün 58-ci dəqiqəsində fərqləniblər. Caleb Ekuban Trabzon təmsilçisinin ikinci qolunu vurub. Qonaqlar 67-ci dəqiqədə bir daha oyuna mərkəzdən başlamağa məcbur oldular. Olcay Sahan meydan sahiblərini iki qolla hesabda önə keçirib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə “Trabzonspor”un yarımmüdafiəçisi Murat Cem Akpınar qoyub. Beləliklə görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə bitib.
Bu oyundan sonra “Trabzonspor” turnir cədvəlində 46 xalla 4-cü pillədə qərarlaşıb. Antalya təmsilçisi isə 35 xalla 7-ci pilləyə geriləyib.
Türkiyə Superliqasında XXVII turun digər oyunları aprelin 6, 7 və 8-də keçiriləcək. Turun digər qarşılaşmaları isə aşağıdakılardır.
“Alanyaspor”-“Bursaspor”
“Sivasspor”-“Kayserispor”
“Qalatasaray”-“Yeni Malatyaspor”
“Kasımpaşa”- “Ərzurumspor”
“Göztəpə”- “Akhisar Bələdiyəspor”
“Fənərbağça”- “Ankaragücü”
“Başakşəhər”-“Konyaspor”
“Rizespor”-“Beşiktaş”.