İDMAN


Türkiyə Superliqası: "Fənərbağça" yeni mövsümə öz meydanında böyükhesablı qələbə ilə başlayıb

Bakı, 19 avqust, AZƏRTAC

Avqustun 19-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümündə ilk turun sonuncu oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, ötən mövsümün altıncısı İstanbulun "Fənərbağça" komandası "Şükrü Saracoğlu" stadionunda çempionatın debütantı "Qazişəhər Qaziantep"i qəbul edib.

Baş hakim Arda Kardeşlerin idarə etdiyi qarşılaşmada İstanbul təmsilçisi 5:0 hesabı ilə rəqibinə qalib gəlib.

Meydan sahiblərinin heyətində Viktor Moses 6-cı dəqiqədə 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı açıb – 1:0. On üçüncü dəqiqədə isə qonaqların qapısına təyin olunan penalti zərbəsini qapıçı dəf edib. Görüşün 17-ci dəqiqəsində Əmrə Bələzoğlunun məhsuldar ötürməsindən sonra Vedat Muriqi hesab arasındakı fərqi ikiyə çatdırıb. İyirmi dördüncü dəqiqədə baş hakim Arda Kardeşler rəqibin qapısına "Fənərbağça"ın lehinə növbəti dəfə penalti təyin edib. Əmrə Bələzoğlu komandasının üçüncü qoluna imza atıb. Yetmiş dördüncü dəqiqədə Nabil Dirar fərqlənərək hesab arasındakı fərqi dördə çatdırıb. Qarşılaşmada sonuncu qolun müəllifi Ferdi Kadıoğlu (88) olub – 5:0.

Beləliklə, sonuncu mövsümdə uğursuz çıxış edən "Fənərbağça" öz meydanında "Qazişəhər Qaziantep"i məğlub edərək superliqaya qələbə ilə başlayıb və üç xala sahib olaraq top fərqinə görə turnir cədvəlində liderliyə yüksəlib.

Qeyd edək ki, "Fənərbağça" ötən mövsüm öz meydanında oynadığı son 12 çempionat matçında məğlub olmamışdı.

Xatırladaq ki, birinci turda son çempion "Qalatasaray" "Dənizlispor"a, "Beşiktaş" "Sivasspor"a, "Başakşəhər" klubu isə "Yeni Malatyaspor"a səfərdə uduzub, "Trabzonspor" isə "Kasımpaşa" ilə heç-heçə edərək xal itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.