CƏMİYYƏT
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi yeni layihənin icrasına başlayıb
Bakı, 8 dekabr, AZƏRTAC
“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyini qoru gələcəyin üçün!” adlı layihənin icrasına başlayıb. Layihə çərçivəsində ilk tədbir Şəmkirdəki Nizami Gəncəvi adına şəhər tam orta məktəbində keçirilib.
TUMİB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Şəmkir Şəhər Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov gənclərin cəmiyyətin həyatında mühüm rol oynadığını bildirib. O deyib ki, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti bu kateqoriyaya daxil olan insanların potensialının üzə çıxarılmasına xidmət edir. Vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq sayəsində ölkənin ictimai həyatında gənclərin rolunu daha da artırmaq mümkündür.
İctimai Birliyin sədri Çingiz Bayramov deyib ki, layihənin məqsədi gənclər arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq mövzusunda maarifləndirmə işi aparmaqdır. Qeyd edilib ki, gənclər zərərli vərdişlərdən uzaq qalmaqla cəmiyyətin inkişafına layiqli töhfə verə bilərlər. Dövlətin diqqət və qayğısı nəticəsində gənclər arasında sağlam həyat tərzinin təbliği və reproduktiv sağlamlıq sahəsində ciddi işlər görülür.
Gənclərin cəmiyyətin avanqard hissəsi olduğuna deyən layihənin eksperti Seymur Verdizadə bildirib ki, insan iradəsi bütün mənfi meyillərə qalib gəlməyə qadirdir. Sağlam həyat tərzi keçirmək hər bir gəncin borcudur. Həm dövlətimizin, həm də ailə üzvlərimizin qarşısında öhdəliklərimizi yerinə yetirmək üçün düzgün həyat tərzi sürməliyik.
Şəmkir Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Turanə Məmmədova vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın faydalı olduğuna diqqət çəkib. O, belə layihələri dəstəkləməyə hazır olduqlarını qeyd edib.