İDMAN


Türkiyə V İslam Həmrəyliyi Oyunlarının medal sıralamasına liderlik edir

Konya, 9 avqust, Səxavət Quliyev, AZƏRTAC

Rəsmi açılış mərasimi bu gün Türkiyənin Konya şəhərindəki Böyükşəhər Bələdiyyəsi Stadionunda keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında medal qazanmağı bacaran 14 ölkə idmançıları var.

AZƏRTAC xəbər verir ki, avqustun 18-dək davam edəcək oyunların medal sıralamasına Türkiyə başçılıq edir. Təşkilatçı ölkənin hesabında 11 qızıl, 7 gümüş və 4 bürünc medal var. İlk üçlükdə Qazaxıstan (5-1-4) və Özbəkistan (3-2-4) qərarlaşıb.

İran (2-7-2) dördüncü, Birləşmiş Ərəb Əmirlikləri (2-1-1) beşinci, Bəhreyn (1-1-2) altıncı, Uqanda (1-1-1) isə yeddinci pillədə yer alıblar.

Azərbaycan 1 qızıl medalla səkkizincidir. Qızıl medalı komandamıza atletika üzrə millimizin üzvü Anna Skidan çəkicatma yarışlarında qazandırıb. Bu qalibiyyətlə o, İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi olub.

Hesabında 1 gümüş və 2 bürünc medal olan Malayziya və Səudiyyə Ərəbistanı 9-10-cu pilləni bölüşürlər.

V İslam Həmrəyliyi Oyunlarının rəsmi açılış mərasimi Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Yarışda 56 ölkədən 4 mindən artıq idmançı medallar uğrunda mübarizə aparır. Oyunlar vaxtı 483 dəst medal sahibini tapacaq.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olundu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına isə Azərbaycan ev sahibliyi edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.