SİYASƏT


Türkiyə XİN: Fransa Senatının Azərbaycana öz torpaqlarından çəkilmək çağırışı etməsi gülüncdür

Ankara, 26 noyabr, AZƏRTAC

Fransa Senatının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamə beynəlxalq hüququn, qanunun və ədalətin əsas prinsiplərinə hörmətsizliyin bariz nümunəsidir. Qətnamədə Türkiyəyə qarşı irəli sürülən əsassız iddiaları kəskin şəkildə rədd edirik. Fransa Senatının qətnaməsi bu ölkənin də həmsədr olduğu ATƏT-in Minsk qrupunun niyə bu günə qədər münaqişəni çözmədiyini və tərəfkeşlik etdiyini də açıq şəkildə göstərir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında yer alıb.

Açıqlamada deyilir ki, Azərbaycan Ermənistanın əvvəlcə Tovuzda, sonra Qarabağdakı hücumlarına və təxribatlarına qarşı lazımi cavab verib və təxminən otuz il idi ki, işğal altında saxlanılan torpaqlarını azad edərək ərazi bütövlüyünü yenidən təmin edib. Azərbaycanın cəbhədə qazandığı nəticə BMT qətnamələrində əksini tapmış, Fransanın da həmsədr olduğu Minsk prosesində qeydə alınmış, ancaq həyata keçirilməmiş haqlarının təcəssümüdür. BMT-nin qətnamələri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çəkilməsini tələb edir. Belə olduğu halda, Fransa Senatının Azərbaycanı işğaldan azad etdiyi torpaqlarından çəkilməyə çağırması qeyri-ciddi və gülüncdür, tərəfkeşliyin təzahürüdür. Heç bir gerçəyə uymayan, sağlam düşüncədən uzaq bu qərar Fransanın məsələnin həlli üçün səy göstərmək imkanını da məhdudlaşdırır. Senatın qətnaməsində Fransa hökumətinin də qəbuledilməz hesab etdiyi məqamlar əks olunur. Qətnamədə Türkiyə ilə bağlı fikirlərin yer alması təəccüblü olmasa da, düşündürücüdür.

Türkiyə XİN-in açıqlamasında təxminən otuz il davam edən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı hazırkı mərhələdə Fransanın artıq düzgün nəticələr çıxararaq bölgənin sabitliyə qovuşması üçün konstruktiv mövqedə olmasının vacibliyi qeyd edilir. Bunun üçün mövcud gerçəkliklərə uyğun hərəkət edərək beynəlxalq hüquq əsasında səylər göstərmək yetərlidir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.