Türkiyə ictimaiyyətinin Tehrandakı terror aktına etirazı davam edir
AzerTAg.az

Ankara, 28 yanvar, AZƏRTAC
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən ağır və qanlı terror aktına qarşı Türkiyə ictimaiyyətinin etirazı davam etməkdədir.
AZƏRTAC xəbər verir ki, rəsmi dairələrlə bərabər ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları yaydıqları bəyanatlarda insanlıq əleyhinə olan bu qanlı cinayətin baş verməsinə şərait yaradanlar, təşkil edənlər və törədənlər lənətlənir. Ölkənin aparıcı kütləvi informasiya vasitələrində Azərbaycana qarşı törədilən bu terror aktının səbəb və məqsədlərindən bəhs edən çoxsaylı məlumatlar yayılıb.
“Qarabağ Azərbaycandır!” Koordinasiya dərnəyi, Türk Dünyası Araşdırmaları Vəqfi, TÜRKFAM (Strateji Araşdırmalar Mərkəzi), Türkiyə-Azərbaycan Strategiya Mərkəzi, RUBASAM (Strateji Araşdırmalar Mərkəzi), Türk Ocaqları İstanbul Başqanlığı, Türk Ocaqları Ümraniye şöbəsi, Milliyyətçi Həkimlər Dərnəyi, Türkiyədə Pakistanlı Gənclər QHT, “Karabakh is Azerbaijan” Milli Platformasının Ərzurum Nümayəndəliyi, Dünya Avşarlar Dərnəyi, Qarabağ Azərbaycan Yardım və Həmrəylik Kocaeli Dərnəyi, Qırmızı Alma Qadın və Uşaq Assosiasiyası, Akademik Tarix və Düşüncə Jurnalı, Bursa Arena Xəbər Saytı, Türk Birliyinin Xəbər Saytı, Az-Türk Dünyası İnternet Xəbər Saytı, Türk Kapi Təhsil Assosiasiyası və digər QHT və media quruluşlarının birgə yaydıqları bəyanatda deyilir: “Vyana Konvensiyasında göstərilən əlavə təhlükəsizlik tədbirlərinin görülməsini, terror aktını törədənin və onun mənsub olduğu terror təşkilatının üzvlərinin ən qısa zamanda tutularaq qanun çərçivəsində mühakimə olunmasını tələb edirik”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Xəbərin mətnində orfoqrafik səhv var