Türkiyə ilə İsrail arasında qarşılıqlı səfirlər təyin olunacaq
AzerTAg.az

İstanbul, 17 avqust, AZƏRTAC
Türkiyə ilə İsrail arasında qarşılıqlı səfir təyinatı ilə bağlı qərar qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir Türkiyə dövləti tərəfindən İsrailin Təl-Əviv şəhərinə səfir təyin ediləcəyi ilə bağlı qərar qəbul olunduğunu açıqlayıb.
İsraildə yeni hökumətin qurulması və İsxak Hersoqun Prezident seçilməsindən sonra Türkiyə ilə bu ölkə arasında dialoqun başladığını xatırladan M.Çavuşoğlu prosesin iki ölkə arasında qarşılıqlı diplomatik səfərlərlə davam etdirildiyini deyib.
İki ölkə arasında aviasiya sahəsində əməkdaşlıq müqaviləsinin imzalandığını qeyd edən nazir sentyabrda qarışıq iqtisadi komissiyanın iclasının keçiriləcəyini bildirib.
Münasibətlərin normallaşması üçün atılacaq addımlar arasında yenidən qarşılıqlı səfir təyinatının da olduğunu vurğulayan M.Çavuşoğlu yaxın zamanda bu prosesin rəsmi şəkildə davam etdiriləcəyini deyib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Xəbərin mətnində orfoqrafik səhv var