DÜNYA
Türkiyə ilə İsrail prezidentləri arasında telefon danışığı olub
İstanbul, 18 noyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Dövlətinin Prezidenti İsaak Hersoq arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsindən bildirilib.
Qeyd edilib ki, telefon söhbəti zamanı Prezident Ərdoğan Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqin təhlükəsizliyi və sabitliyi üçün də önəmli olduğunu, həm ikitərəfli, həm də regional məsələlərdə qarşılıqlı anlaşma olacağı təqdirdə, fikir ayrılıqlarının minimuma enəcəyini vurğulanıb.
Bölgədə sülh, tolerantlıq və birgəyaşayışın yenidən qurulmasının vacibliyini diqqətə çatdıran Prezident Ərdoğan bu baxımdan Fələstin-İsrail əlaqələrinin inkişafı və sülh prosesinin bərpasının prioritet məsələ olduğunu qeyd edib. Türkiyə ilə İsrail arasında təmasların və dialoqun davam etdirilməsinin ortaq maraqlara uyğun olduğu bildirilib.
Qeyd edilib ki, İsaak Hersoq da Türkiyə ilə İsrailin bölgədə sülhlə əlaqədar ikitərəfli və regional məsələlərdə əhatəli dialoq aparmaqdan məmnundur.
Hər iki liderin mütəmadi qaydada əlaqə saxlamaq mövzusunda həmfikir olduğu vurğulanıb.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul