Türkiyə keçən il Ukraynaya ən çox sərmayə yatıran ölkə olub
AzerTAg.az
Ankara, 20 fevral, AZƏRTAC
Türkiyə ötən il Ukraynaya ən çox sərmayə yatıran xarici ölkələr arasında lider olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türk-Ukrayna İş Adamları Dərnəyi (TUİD) məlumat yayıb. Bildirilir ki, keçən il Türkiyə Ukrayna iqtisadiyyatına ümumilikdə 400 milyon ABŞ dolları sərmayə yatırıb.
Hazırda Türkiyə-Ukrayna münasibətlərində bütün sahələr üzrə inkişaf strategiyasını qorumaq istiqamətində ciddi siyasi iradə mövcuddur. Turizm əlaqələri də mühüm gücə malikdir. Dünyada koronavirus pandemiyasının tüğyan etməsinə baxmayaraq, ötən il Türkiyəyə gələn ukraynalı turistlərin sayı 1 milyon nəfəri keçib. Bundan başqa, türkiyəli podratçıların ən çox təmsil olunduqları ikinci ölkə Ukraynadır.
Türkiyə ilə Ukrayna arasında müdafiə sənayesi sahəsində uğurlu əməkdaşlıq var. Türkiyə Müdafiə Sənayesi Baş İdarəsinin rəhbəri İsmail Dəmirin Kiyevə səfəri çərçivəsində imzalanan memorandumda Ukrayna dəniz donanması üçün ADA sinfinə daxil olan ortahəcmli döyüş gəmiləri - korvet və PUA-ların alınması nəzərdə tutulub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Xəbərin mətnində orfoqrafik səhv var