SİYASƏT
Türkiyə mediası Prezident İlham Əliyevin Rizeyə səfərini “Günün baş xəbəri” rubrikası ilə təqdim edib
Ankara, 16 may, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün Rize şəhərinə səfəri qardaş ölkənin kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılıb. Türkiyə mətbuatı qardaş ölkə ictimaiyyətinin Azərbaycan dövlətinin başçısını hərarətlə alqışlamasına, göstərilən böyük ehtirama xüsusi diqqət ayırıb və səfəri ümumilikdə “Günün baş xəbəri” rubrikası ilə təqdim edib.
AZƏRTAC xəbər verir ki, prezidentlərin təkbətək görüşü, aeroportun açılışında iştirak, eləcə də dövlət başçılarının söylədikləri nitqlər media tərəfindən geniş şəkildə işıqlandırılıb və əhatəli şərhlərlə ictimaiyyətə çatdırılıb.
Anadolu və İHA xəbər agentlikləri, “TRT Haber”, “A Haber”, “TRT Avaz”, “Haber Global”, “CNN Türk” və digər telekanallar, eləcə də “Sabah”, “Hürriyet”, “Milliyet”, “Takvim” və sair qəzetlər mövzu ilə bağlı müxtəlif sərlövhələrlə məlumatlar yayıblar.
Prezident İlham Əliyevin təyyarəsinin Rize-Artvin Hava Limanına enişini canlı yayımla Türkiyə ictimaiyyətinə təqdim edən Anadolu Agentliyi dövlətimizin başçısına göstərilən yüksək qonaqpərvərliyi, səmimi qarşılanmanı ən incə çalarlarla dünya ictimaiyyətinə göstərib.
Prezident İlham Əliyevin dərin məzmunlu nitqini canlı yayımla təqdim edən “Haber Global” telekanalı “Rizedə böyük gün! Prezident İlham Əliyevdən tarixi açıqlama” sərlövhəsi ilə təqdim etdiyi videomaterialda diqqətə çatdırıb ki, prezidentimizin qətiyyətli siyasi mövqeyi ilə dövlətimiz günbəgün güclənir və Azərbaycan-Türkiyə qardaşlığı əbədiyyət qazanır.
Məlumatı “Prezidentlər Ərdoğan ilə Əliyev görüşdü” sərlövhəsi ilə təqdim edən Türkiyənin aparıcı media qurumlarından olan “Yeni şəfəq” qəzeti görüş və açılış mərasimindən orijinal fotolar paylaşmaqla dövlət başçılarının arasındakı dostluq və qardaşlıq münasibətlərini tərənnüm edib.
Prezident İlham Əliyevin açılış mərasimindəki nitqindən ayrı-ayrı hissələri geniş ictimaiyyətə çatdıran “Sabah” qəzeti “Əliyev: Həm dostuq, həm qardaşıq, həm də artıq müttəfiqik” sərlövhəli materialda diqqətə çatdırır ki, liderlərimizin Şuşa şəhərində imzaladığı “Şuşa Bəyannaməsi” ilə iki qardaş ölkənin münasibətləri müttəfiqlik səviyyəsinə yüksəlib.
Prezident İlham Əliyevin Rizeyə tarixi səfəri və açılış mərasimindəki tarixi nitqi Türkiyənin aparıcı media orqanları tərəfindən canlı yayımla təqdim olunub. Türkiyə ictimaiyyətinin dövlətimizin başçısına olan tükənməz sevgi və məhəbbəti, Azərbaycan Prezidentinin qardaş ölkədəki yüksək reytinqinin göstəriciləri video və foto kadrlar vasitəsilə geniş ictimaiyyətə çatdırılıb.
Dövlətimizin başçısının Rize səfəri Türkiyə mətbuatında imzası məşhur olan analitiklər üçün də cəlbedici olub. Analitik və publisist yazılarda mütəxəssislər Azərbaycan-Türkiyə qardaşlığının regionda yaratdığı yeni geosiyasi vəziyyəti təhlil ediblər. Diqqətə çatdırılır ki, Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə Vətən müharibəsində qazandığı parlaq Qələbə ilə region dövlətlərini qarşılıqlı faydalı əməkdaşlığa cəlb edib. Türkiyənin aparıcı telekanallarında məlum səfərlə bağlı təşkil olunan müzakirələrdə iştirak edən ekspertlər Azərbaycanla qardaş ölkənin birgə həyata keçirdikləri layihələr barədə təkrar geniş məlumatlar paylaşıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara