ELM VƏ TƏHSİL
Türkiyə mətbuatı Bakı Slavyan Universitetinin professorunun kitabı haqqında yazıb
Bakı, 14 mart, AZƏRTAC
Bakı Slavyan Universitetinin (BSU) Azərbaycan filologiyası və jurnalistika fakültəsinin jurnalistika kafedrasının professoru, Əməkdar Jurnalist Etibar Babayevin türk dünyasının məşhur sənətçisi Barış Mançoya həsr etdiyi “Barış körpüsü” kitabı çapdan çıxıb.
BSU-dan AZƏRTAC-a bildirilib ki, kitabda Barış Mançonun Azərbaycanda olarkən keçirdiyi görüşlər, verdiyi müsahibələr, onun nadir fotoşəkilləri və digər maraqlı xatirələri yer alıb.
İstanbula işgüzar səfərə gedən E.Babayev Barış Mançonun ev muzeyində olub və “Barış körpüsü” kitabının ilk nüsxəsini bu muzeyə hədiyyə edib. Bununla bağlı Türkiyənin bir sıra xəbər portallarında yazılar yer alıb. Məqalələrdə E.Babayevin Barış Manço haqqında yazdığı kitabla yanaşı, müəllifin dostu barədə dəyərli fikirlərinə də geniş yer ayrılıb: “Barışın dönəmində Türkiyədə Avropa ilə Asiyanı birləşdirən iki körpü vardı. Birincisi Boğaziçi körpüsü, ikincisi isə Fatih Sultan Mehmet körpüsü. Bir də canlı körpü vardı. Bu, Türkiyəni bütün dünya ilə birləşdirən Barış Manço körpüsü idi”.