İDMAN


Türkiyə mətbuatı: İslam dünyası idman vasitəsilə həmrəylik, qardaşlıq mesajı ünvanlayır

Bakı, 16 avqust, AZƏRTAC

Qardaş Türkiyə V İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməkdədir. Bu, əsl idman bayramıdır. Türkiyə həm öz adına, həm də dinimiz İslam adına layiq şəkildə ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı, İslam Əməkdaşlıq Təşkilatı İslam Həmrəyliyi İdman Federasiyasının İcraiyyə Komitəsinin və Koordinasiya Komissiyasının üzvü Könül Nurullayevanın Türkiyənin nüfuzlu KİV-ində dərc olunan açıqlamasında yer alıb.

Deputat bildirib ki, elm şəhəri olan Konyada 4 qitənin 56 ölkəsindən 24 fərqli idman növü üzrə yarışlar keçirilir. Konyanın tolerantlıq və qardaşlıq şəhəri kimi qonaqpərvərliyini bütün dünyaya təqdim etdiyini deyən K.Nurullayeva bildirib ki, İslam dünyası idman vasitəsilə həmrəylik, qardaşlıq mesajı verir. “Bu birlik bizim gücümüzü daha da artırır. Azərbaycan adına demək istəyirəm ki, burada özümüzü evimizdəki kimi hiss edirik. Azərbaycan Prezidenti İlham Əliyev Konyada Oyunlarda iştirak edəcək idmançılarımızla görüşü zamanı da qeyd etdi ki, yarışların qardaş ölkədə keçirilməsi bizə əlavə güc verir. Bu, qardaşlığın, səmimiyyətin verdiyi gücdür. Qazandığımız medalların da sayı günbəgün artır”, - deyə deputat qeyd edib.

Qardaş ölkənin ev sahibliyi ilə keçirilən V İslam Həmrəylik Oyunlarının barış və sülh dini olan İslam dünyasında həmrəyliyə əlavə töhfə verdiyini bildirən deputat Oyunların hazırlıq prosesini də yaxından izlədiyini diqqətə çatdıraraq deyib: “Konyada beynəlxalq standartlara uyğun idman infrastrukturunun qurulduğunun şahidi oldum. Azərbaycan təcrübəsindən çıxış edərək deyə bilərəm ki, İslamiada üçün yaradılan idman infrastrukturu sonrakı illərdə bütövlükdə ölkənin qazancına çevriləcək. Yeri gəlmişkən, könüllü gənclərin fəallığı da bizi sevindirir. Gənclər bizim gələcəyimizdir. Onların bu idman bayramına töhfəsini xüsusi qiymətləndiririk. Yarışlarda iştirak edən bütün idmançıların təəssüratları yüksək səviyyədədir. Bir-birindən maraqlı və həyəcanlı yarışlar keçirilir. Bu tədbirə ev sahibliyi etmək həm də qardaş Türkiyənin zəngin, qədim tarixini, mədəniyyətini bütün İslam aləminə və dünyaya təqdim edir”.

K.Nurullayeva 5 il əvvəl - 2017-ci il İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajları ünvanlandığını da xatırladıb. Bildirib ki, Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Konya da Bakı kimi böyük beynəlxalq təşkilatlara ev sahibliyi etmək təcrübəsinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.