SİYASƏT


Türkiyə mətbuatı ermənilərin Edilli kəndində törətdikləri vəhşiliyi bəşəri cinayət kimi dəyərləndirib

Ankara, 5 oktyabr, AZƏRTAC

Türkiyənin aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın Xocavənd rayonunun Edilli kəndində aparılan qazıntı işləri zamanı aşkarlanan, 12 azərbaycanlı hərbçinin olduğu ehtimal edilən cəsədlərdən ibarət kütləvi məzarlıq barədə geniş məlumat yayıb. İnformasiyalarda bildirilir ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Edillidə aşkar edilmiş daha bir kütləvi məzarlıqla bağlı tviter səhifəsində paylaşım edib.

AZƏRTAC xəbər verir ki, Anadolu və DHA xəbər agentlikləri, “TRT Haber”, “TGRT”, “TRT Avaz”, “CNN Türk”, “TRT Haber” və başqa telekanallar, “Milliyet”, “Yeni akıt”, “Star” və digər qəzetlər başda olmaqla, ölkənin aparıcı media qurumları erməni vandalizminin daha bir nişanəsindən bəhs edərək işğaldan azad olunan Azərbaycan torpaqlarında üzə çıxarılan növbəti insanlıq əleyhinə cinayətdən bəhs ediblər. Türkiyə mətbuatı ermənilərin bu amansızlığını bəşəri cinayət kimi dəyərləndirib.

Türkiyə mediası yazır ki, cəsədlərin üstündəki geyimlər və əşyalar onların Azərbaycan hərbçiləri olduğunu təsdiqləyir. Diqqətə çatdırılır ki, meyitlərin əksəriyyətinin baş sümüklərində güllə deşikləri aşkarlanıb. Bu fakt əsir azərbaycanlı hərbçilərin erməni cəlladlar tərəfindən yaxın məsafədən vurulduqlarını təsdiqləyir.

Türkdilli ictimaiyyətə məlumat verilib ki, Ermənistanın əsasız iddiaları ilə yaranan birinci Qarabağ savaşında 3 min 890 azərbaycanlı hərbçi və mülki şəxs itkin düşüb.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.