CƏMİYYƏT


Türkiyə nümayəndə heyəti Elektron Hökumətin İnkişafı Mərkəzində

Bakı, 10 iyun, AZƏRTAC

İyunun 10-da Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədr müavini Yavuz Emir Beyribeyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, Elektron Hökumətin İnkişafı Mərkəzində (EHİM) keçirilən görüşdə Ülvi Mehdiyev qonaqlara “ASAN xidmət” mərkəzlərinin və Elektron Hökumətin İnkişafı Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə Azərbaycanda səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub. Bundan başqa “ASAN xidmət”in 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi qonaqların diqqətinə çatdırıb.

Görüşdə, həmçinin 2020-ci il fevralın 25-də Bakı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Türkiyə Respublikası Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və həyata keçirilməsi planlaşdırılan layihələr ilə əlaqədar müzakirələr aparılıb.

Qonaqlar “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar.

Sonda xatirə hədiyyələri təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.