SİYASƏT


Türkiyə nümayəndə heyətinin Naxçıvana səfəri ilə bağlı mətbuat bəyanatı olub

Naxçıvan, 3 noyabr, AZƏRTAC

Noyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdən sonra mətbuata bəyanatla çıxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Respublikasının Baş Naziri olmuş Binəli Yıldırım deyib: Azərbaycanın Qarabağın işğaldan azad olunması yolunda əldə etdiyi qələbələrdən böyük qürur duyuruq. Dağlıq Qarabağ münaqişəsində Azərbaycan tək deyil. Türkiyə hər zaman Azərbaycanın haqq mübarizəsində onun yanında olub, bu gün də yanındadır. 2009-cu ildə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının əsası Naxçıvanda qoyuldu. Mustafa Kamal Atatürkün türk qapısı adlandırdığı Naxçıvan türk coğrafiyasını Anadolu ilə birləşdirir. Naxçıvan Muxtar Respublikasının inkişafından böyük qürur duyuruq. Bugünkü səfərimizin məqsədi də bərabərlik və həmrəyliyimizi ifadə etməkdir. Ölkə Prezidentlərinin iradəsinə uyğun olaraq Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının bu il keçirilən iclasında qəbul edilən Qars-Naxçıvan dəmir yolu və qaz boru kəməri layihəsinin təsdiq olunması mühüm əhəmiyyət daşıyır. Türkiyə bundan sonra da Azərbaycanın və Naxçıvanın yanında olacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: Bu gün Türkiyə dövlətinin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasına gəlməsi ölkələrimiz arasındakı dostluq və qardaşlığın əyani ifadəsidir. Nümayəndə heyətinə görkəmli siyasi xadim Binəli Yıldırımın rəhbərlik etməsi də Türkiyə dövlətinin bu səfərə verdiyi əhəmiyyətin və Azərbaycana göstərilən siyasi dəstəyin əyani ifadəsidir. Bütün bunlara görə bir daha Türkiyə dövlətinə və rəhbərliyinə minnətdarlıq edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.