DÜNYA


Türkiyə ordusunun antiterror əməliyyatının mahiyyəti və “Sülh çeşməsi”nin mənası bir-birini tamamlayır

Ankara, 14 oktyabr, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin qoşun birləşmələri tərəfindən oktyabrın 9-da Suriyadakı PKK/PYD-YPG qruplaşmalarına qarşı başlanmış “Sülh çeşməsi” antiterror əməliyyatı uğurla davam edir. Bu prosesə beynəlxalq ictimaiyyətlə yanaşı, Türkiyə əhalisinin münasibəti əməliyyatların gedişatına özünəməxsus dərəcədə təsir göstərir. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar prosesə qərəzli, bəzən isə ikiüzlü münasibət bəsləyirlər. Təxminən yarım əsrə yaxın bir zamanda terror bəlasında boğaza yığılan Türkiyə ictimaiyyəti isə dövlətin yanındadır. Məhz buna görədir ki, antiterror əməliyyatına gedən türk əsgəri “toya gedirik!” ifadəsi ilə milyonların alqışını qazandı.

AZƏRTAC xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Suriyadakı qoşun birləşmələrinin hərbçiləri yüksək səviyyəli davranışları sayəsində həyata keçirilən əməliyyatla “Sülh çeşməsi”nin mənası arasında uyğunluğu tam şəkildə nümayiş etdirirlər. Odur ki, Türkiyə hərbçiləri yerli əhali tərəfindən rəğbətlə qarşılanır. Bu vaxta qədər beynəlxalq mətbuatda yerli əhalinin Türkiyə ordusuna qarşı müqavimət göstərdiyini əks etdirən bir dənə də olsun əsaslı məlumat yoxdur. Ortaya çıxan bütün dezinformasiya və böhtan xarakterli məlumatlar dərhal ifşa olunur.

Təkrarlamağa məcbur olsaq da, Türkiyə hökumətinin məqsədi budur: dövlət sərhədindən 30-35 kilometr Suriya ərazisinə doğru hərəkət etməklə sərhədboyu ərazidə təhlükəsizlik zonası yaratmaq. Əslində istər Suriya hakimiyyəti, istərsə də bölgədə xüsusi maraqları olan qüvvələr, eləcə də ABŞ, Rusiya və İran tərəfləri yaxşı bilirlər ki, Türkiyənin tətbiq etdiyi “Sülh çeşməsi” antiterror əməliyyatı bu bölgədə vəziyyətin tam nəzarətdən çıxmasının qarşısını almaq üçün yeganə çıxış yoludur. Əks halda, Türkiyənin sabitləşdirmək istədiyi təxminən 66,5 min kvadratkilometr ərazi ən qısa zamanda tam şəkildə nəzarətdən çıxmaq təhlükəsi ilə üz-üzə qalırdı. Buna misal olaraq aylardan bəri YPG-nin nəzarətində dustaq kimi saxlanılan İŞİD terrorçularının, onların ailə və uşaqlarının YPG tərəfindən naməlum şəraitdə “azad” edilməsini göstərə bilərik. Hazırda “azad” olunan həmin İŞİD terrorçularının hərəkət dislokasiyası, onların kimin, hansı qüvvənin təsirinə düşmələri məlum deyil. Heç tərəddüd etmədən nəzarətsiz terrorçunu ocaq üstünə atılmış qranatla müqayisə edə bilərik. Təəssüflə qeyd etməliyik ki, İŞİD terrorçularının mənsub olduqları ölkələrin hökumətləri öz vətəndaşlarının taleyi ilə bağlı hələ də açıqlama verməyə tələsmirlər. Bu terrorçuları vətəndaşlıqdan məhrum etmək vəziyyətdən çıxış yolu hesab oluna bilməz. Ən azı ona görə ki, İŞİD terror təşkilatı kimi bütün dünya tərəfindən tanınır. İndi uzaq və yaxın ölkələrin öz vətəndaşı olan terrorçuları ən azı mühakimə edib islaha cəlb etmək niyyəti yoxdursa, onlarla necə davranılmalıdır? Halbuki insan haqlarının qorunması və ədalətin bərpası hər bir hökumətin, ilk növbədə, öz üzərinə düşən funksiyanı həyata keçirməsidir.

Qeyd etmək lazımdır ki, “Sülh çeşməsi” antiterror əməliyyatı başlayandan bəri Suriya ərazisindən Türkiyə torpaqlarına azı 650 raket atılıb. Yaşayış evləri, iaşə obyektləri zərər görüb. Dinc əhali arasında 18 nəfər həlak olub. Azı 140 nəfərin yaralandığı bildirilir. Sərhəd rayonlarında məktəblər növbədənkənar tətilə buraxılıb. Bir sözlə, normal həyat tərzi pozulub, əhali səksəkə içində yaşayır. Heç şübhəsiz ki, “Sülh çeşməsi” antiterror əməliyyatı altı ay, yaxud bir il gecikmiş olsaydı, bölgədə məskunlaşan terrorçular daha güclü ağır silah və sursat əldə edəcəkdilər. Bu isə Türkiyənin daha böyük basqıya məruz qalması demək olardı.

Nəhayət, “pınar” sözü dilimizdə bulaq, çeşmə, su mənbəyi, su qaynağı, torpağın axan gözü mənalarını ifadə edir. Yazılarda və deyilişdə bu sözlərin hansından istifadə etməyimizdən asılı olmayaraq Türkiyə hökuməti onun qarşısına “Sülh” sözü əlavə edərək keçirilən əməliyyata bu adı verib. Bu iki söz birləşməsi və əməli iş Suriya xalqının gələcək taleyini, o cümlədən Türkiyənin sərhəd təhlükəsizliyini müəyyən edir. Bu gün Suriya böhranından Türkiyəyə qarşı məqsədli şəkildə istifadə etməyə çalışan dövlətlər isə sərhədlərini suriyalı qaçqınların üzünə möhkəm-möhkəm bağlayıblar. Artıq on ilə yaxındır ki, məşəqqətin bütün formaları ilə üz-üzə qalan Suriya xalqının isə sözün əsl mənasında sülhə və öz torpağından qaynayan pınarlardan su içməyə ehtiyacı var.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.