DÜNYA


Türkiyə parlamenti ABŞ Prezidentinin qondarma “soyqırımı” ilə bağlı açıqlamasına kəskin etirazını bildirib

Ankara, 27 aprel, AZƏRTAC

Türkiyə Böyük Millət Məclisi (TBMM) ABŞ Prezidentinin 24 aprel tarixli açıqlamasında həqiqəti əks etdirməyən ədalətsiz ifadələr səsləndirməsini, eləcə də saxta “erməni soyqırımı” ilə bağlı ifadə işlətməsini kəskin şəkildə pisləyən açıqlama yayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun imzası ilə yayılan açıqlama Türkiyə parlamentində təmsil olunan hakim Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Milliyyətçi Hərəkat Partiyası (MHP) və İYİ partiya tərəfindən dəstəklənib.

Açıqlamada qeyd olunur ki, ABŞ Prezidentinin 1915-ci il hadisələri ilə bağlı işlətdiyi fikirlərin tarixi və hüquqi əsası yoxdur. Ona görə də bu ifadələr Türkiyə üçün yox kimidir.

Bildirilir ki, Birinci Dünya müharibəsi çərçivəsində ağır fəsadlara gətirib çıxaran hadisələrdən 106 il sonra məsuliyyətsiz bir açıqlamanın ortaya çıxmasının səbəbi tarixi sənədlərin və beynəlxalq hüququn dəyişməsi deyil, ABŞ rəhbərliyinin radikal erməni lobbisinin təzyiqlərinə boyun əyməsidir. Tarixi həqiqətlərlə uzlaşmayan bu açıqlama xalqlar arasında yaxınlaşma yaratmayan ağılsız və məsuliyyətsiz addımdır.

Diqqətə çatdırılır ki, Türkiyə 1915-ci il hadisələrinin müstəqil təhlilçilər və tarixçilər tərəfindən araşdırılması üçün birgə komissiyanın yaradılması məqsədilə hələ 2005-ci ildə təklif irəli sürüb və bütün arxivlərini dünyaya açıb. Heç bir xalqa qarşı düşmənçilik etməyən Türkiyə özünə və tarixinə əmin olduğu üçün mövqeyində qalmaqdadır.

“Soyqırımı” anlayışının son dərəcə aydın ifadə olunduğu açıqlamada, həmçinin deyilir: “BMT-nin 1948-ci il tarixli “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması” müqaviləsinə görə, soyqırımı aktının tanınması yalnız səlahiyyətli məhkəmələrin qərarı ilə baş verə bilər. Bundan başqa, Avropa İnsan Hüquqları Məhkəməsinin 2015-ci və 2017-ci illərdə qəbul etdiyi qərarlara görə, 1915-ci il hadisələri tarixi müzakirə mövzusudur.

Prezident Co Baydeni tarixi həqiqətlərlə uzlaşmayan millətimizin vicdanını yaralayan bu səhv bəyanatı dəyişməyə, başda türk və erməni xalqları olmaqla, bölgə xalqları üçün sülh, sabitlik və təhlükəsizlik içində yaşamaq səylərini dəstəkləməyə, ikitərəfli əlaqələrə xoşagəlməz təsir göstərən bu qərardan geri çəkilməyə dəvət edirik”.

 

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.