SİYASƏT
Türkiyə portalları Ermənistanın son hərbi təxribatları ilə bağlı məqalə yayıb
Bakı, 29 iyul, Səadət Hakıyeva, AZƏRTAC
Türkiyənin bir sıra xəbər portallarında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Könül Nurullayevanın “Siyasi münasibətlərimiz iki xalqın iradəsini əks etdirir” sərlövhəli məqaləsini yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistanın işğalçılıq siyasəti, Tovuzla sərhəddə törətdiyi hərbi təxribat və xaricdə soydaşlarımızın keçirdikləri dinc aksiyalara qarşı ermənilərin təcavüzkar hərəkətlərindən bəhs olunur. Yazıda müəllif, həmçinin Azərbaycan-Türkiyə birgə hərbi təlimlərə və regional təhlükəsizlik məsələlərinə də toxunulub.
K.Nurullayeva bildirib ki, Ermənistan bütün dünyanın gözü önündə terror siyasətini davam etdirir. Atəşkəs rejiminə baxmayaraq, iyulun 12-də sərhəddə baş verən hərbi təxribat nəticəsində düşmənin mülki əhalini, yaşayış evlərini gülləbaran etməsi nəticəsində insanların həyatını itirməsi heç bir çərçivəyə sığmır. Ardınca Avropa və ABŞ-da soydaşlarımızın keçirdiyi dinc aksiyalara aqressiv müdaxilə, zorakılıq halları - bütün bunlar Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsidir.
“Azərbaycan dəfələrlə beynəlxalq tribunalardan bəyan edib ki, Ermənistanın işğalçılıq siyasəti regional və qlobal təhlükədir, dünya birliyi işğalçıya yerini göstərməlidir. İşğalçı ilə işğala məruz qalan arasında fərq qoymağın vaxtıdır. Ermənistan 30 ilə yaxındır işğal altında saxladığı Azərbaycan ərazilərini boşaltmalıdır, çünki status-kvo uzun müddət davam edə bilməz. Bunu ATƏT-in Minsk qrupunun həmsədrləri də dəfələrlə bəyan ediblər. Ermənistanın bu cür təxribatlarda məqsədi hər nə olursa olsun, dünya birliyi də, işğalçı ölkə də yaxşı dərk edir ki, Prezident İlham Əliyev hər zaman bəyan etdiyi kimi, Azərbaycan öz dədə-baba torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək”, - deyə deputat qeyd edib.
Diqqətə çatdırılıb ki, çətin günlərdə Türkiyənin Azərbaycana dəstəyi “bir millət iki dövlət” prinsipinin bariz nümunəsidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, qardaş ölkənin rəsmilərinin səsləndirdiyi bütün bəyanatlarda Azərbaycana dəstək ifadə olunub. Bildirilib ki, iyulun 24-də Praqada təşkil olunan aksiyada Türkiyənin bu ölkədəki səfirinin aksiyaya qatılması həmvətənlərimizdə böyük ruh yüksəkliyi yaradıb.
Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin növbəti birgə hərbi təlimlərinə toxunan deputat bildirib : “Azərbaycan-Türkiyə münasibətləri bütün istiqamətlər, o cümlədən də hərbi sahə üzrə inkişaf etməkdədir. Ümumiyyətlə, Azərbaycan ilə strateji tərəfdaşları arasında müdafiə sahəsində əməkdaşlığın əsas prioritetləri sırasında tərəflərin maraqlarının bütün platformalarda qarşılıqlı müdafiəsi, təhlükəsizliklə əlaqədar ortaya çıxan potensial təhdidləri müəyyən etmək, onlara qarşı mübarizə aparmaq üçün birgə fəaliyyət, dünyada və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə vermək, eyni zamanda, birgə hərbi təlimlər keçirmək kimi vacib istiqamətlər yer alıb. Bu mənada keçiriləcək hərbi təlimlər də iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf göstəricisi kimi dəyərləndirilməlidir. Bu cür təlimlər mütəmadi olaraq keçirilir. Türkiyə bu gün Azərbaycanın hərbi sahədə ən mühüm tərəfdaşıdır. İki ölkə arasında hərbi əməkdaşlıq əlaqələrinin ildən-ilə genişlənməsi, birgə keçirilən hərbi təlimlərin sayının artması bunu bir daha təsdiqləyir.
Müəllif sonda Azərbaycan ilə Türkiyə arasında əlaqələrin yüksək templə inkişaf etdiyini qeyd edib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bizim birliyimiz hər bir sahədə özünü göstərir, o cümlədən hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir.