DÜNYA
Türkiyə suriyalı qaçqınlara dünya ölkələri və beynəlxalq təşkilatlardan 20 dəfə çox vəsait xərcləyib
Ankara, 21 iyun, Nihad Budaqov, AZƏRTAC
Türkiyə hökuməti indiyədək suriyalı qaçqınlara dünya ölkələri və beynəlxalq təşkilatlardan 20 dəfə çox vəsait xərcləyib.
AZƏRTAC xəbər verir ki, bunu müxtəlif ölkələrdən Türkiyədə səfərdə olan 40-a yaxın jurnalistlə görüşdə Türkiyə Respublikasının Fəlakət və Fövqəladə Halların İdarəedilməsi Komitəsinin (AFAD) prezidenti Mehmet Halis Bilden deyib.
O bildirib ki, AFAD 2009-cu ildə yaradılıb və Nazirlər Kabinetinə tabedir. Qurum 5 qitədə 50-dən çox ölkədə müxtəlif zəlzələ, sel, quraqlıq, yanğın kimi fövqəladə hadisələrdə zərər çəkən insanların ehtiyacını ödəmək üçün yardımlar göstərib. AFAD 2011-ci ildən etibarən isə Suriya böhranını koordinasiya edir. Həmin ilin aprelindən suriyalı qaçqınlar Türkiyə sərhədini keçməyə başladılar. Türkiyə ilə Suriya sərhədi 911 kilometrdir. O vaxt Türkiyənin Baş naziri olan Rəcəb Tayyib Ərdoğan həmin qaçqınlara ölkənin sərhəd qapılarını açdı və 23 ədəd ən müasir məskunlaşma yeri quruldu.
“Türkiyə tarixboyu müxtəlif ölkələrdən olan qaçqınları qəbul edib. Hazırda Türkiyədə təqribən 3 milyonadək suriyalı qaçqın məskunlaşıb. Onlardan təxminən 1 milyondan çoxu təhsil almaq yaşındadır. Hazırda həmin qaçqınların 65 faizi Türkiyənin müxtəlif təhsil müəssisələrində oxuyur. 2018-ci ildə bu göstəricinin 100 faiz olması nəzərdə tutulur. İndiyədək 953 min suriyalı qaçqın Türkiyə hökuməti tərəfindən müalicə olunub və onlara tibbi yardımlar göstərilib. Türkiyə hökuməti ümumilikdə həmin qaçqınların məskunlaşması və ehtiyaclarının təmin olunmasına 25 milyard dollar vəsait xərcləyib. Türkiyə hökuməti indiyədək suriyalı qaçqınlara dünya ölkələri və beynəlxalq təşkilatlardan 20 dəfə çox vəsait sərf edib”, - deyə AFAD-ın prezidenti bildirib.