DÜNYA
Türkiyə tərəfi ərəb ölkələri arasındakı diplomatik böhrandan böyük narahatlıq keçirir
İstanbul, 5 iyun, АZƏRTAC
Rəsmi Ankara Səudiyyə Ərəbistanı Krallığı, Misir, Birləşmiş Ərəb Əmirliyi və Bəhreynin Qətər dövləti ilə diplomatik əlaqələri kəsmək barədə qərarından təəssüfləndiyini bildirib.
Türkiyə Xarici İşlər Nazirliyi bildirir ki, bölgədəki müxtəlif ölkələrdə davam edən böhranlar səbəbindən regionda dərin bir qeyri-sabitlik mövcuddur. Belə bir dövrdə regional həmrəyliyə həmişəkindən daha çox ehtiyac var. Nazirliyin rəsmi saytında yerləşdirilən açıqlamada Türkiyənin strateji əməkdaşlıq qurduğu və regional sülh, təhlükəsizlik və sabitlik baxımından mühüm rola malik olan Körfəz Əməkdaşlıq Şurası üzvlərinin öz aralarındakı fikir ayrılıqlarını danışıqlar və qarşılıqlı anlaşma yolu ilə həll etmələri arzulanır.
“Terrorizmlə mübarizə başda olmaqla bölgədəki təhdid və hədələrə qarşı ancaq birlik və həmrəylik yolu ilə mübarizə aparmağın tələb olunduğunu unutmaq olmaz. Türkiyə bölgənin məsuliyyət daşıyan bir aktoru və İslam Əməkdaşlıq Təşkilatının Zirvəsinin sədri olaraq dost və qardaş ölkələr arasında baş verən bu böhranın ən qısa müddətdə həll olunması üçün üzərinə düşənləri yerinə yetirməyə hazırdır”, - deyə açıqlamada vurğulanır.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul