CƏMİYYƏT


Türkiyə və Azərbaycan bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır

Bakı, 27 oktyabr, AZƏRTAC

Vətən müharibəsi dövründə qardaş Türkiyə və onun rəhbəri daim Azərbaycanın yanında olub, ölkəmizin haqq işini müdafiə edib. Bu baxımdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı ölkəmiz üçün siyasi dəstək olmaqla yanaşı, qardaşlıq, birlik nümayişidir. Bu, bir daha bütün dünyaya nümayiş etdirir ki, ölkələrimiz arasında qardaşlıq, dostluq əbədidir, Türkiyə və Azərbaycan hər zaman bir-birini dəstəkləyəcək. Bu gün öz liderlərinin sayəsində Türkiyə və Azərbaycan böyük uğurlar əldə edir, bütün dünyada prinsipial, cəsarətli, düşünülmüş siyasət yürüdən ölkələr kimi tanınır və qəbul olunub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bildirib.

O qeyd edib ki, Füzuli Beynəlxalq Hava Limanının açılması, eyni zamanda, siyasi və iqtisadi əhəmiyyət daşıyır. Regionda geniş quruculuq-bərpa işləri həyata keçirilir. Bu hava limanı kommunikasiya, nəqliyyat baxımından bu işlərin sürətlənməsinə töhfə verəcək. Füzuli Beynəlxalq Hava Limanının qısa müddətdə tikilib istifadəyə verilməsi və artıq təyyarələri qəbul etməsi Azərbaycan dövlətinin gücünü və qüdrətini göstərir. Azərbaycan dövləti bu quruculuq işlərini sürətlə apararaq, vətəndaşlarının doğma torpaqlarına qayıtmasını təmin edəcək.

Cəsarət Hüseynzadə, həmçinin bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təməlini qoyduğu Zəngəzur dəhlizi Naxçıvana, oradan da İstanbula gedən marşrut olacaq. Regionda kommunikasiyaların, iqtisadi əlaqələrin möhkəmlənməsində çox böyük rolu olan Zəngəzur dəhlizinin yaratdığı imkanlardan bütün iştirakçı ölkələr yararlana biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.