DÜNYA


Türkiyə və Gürcüstan liderləri Azərbaycanın da daxil olduğu layihələrin perspektivlərini yüksək dəyərləndiriblər

Ankara, 1 iyun, AZƏRTAC

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 1-də Türkiyəyə səfər edib.

AZƏRTAC xəbər verir ki, Türkiyə Prezident Administrasiyasında Prezident Rəcəb Tayyib Ərdoğan ilə Baş nazir İrakli Qaribaşvili arasında təkbətək və heyətlərarası görüş keçirilib.

Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir İrakli Qaribaşvili birgə keçirdikləri mətbuat konfransında ikitərəfli və regional əməkdaşlığın vəziyyətini və perspektivlərini yüksək dəyərləndiriblər.

Türkiyə ilə Gürcüstan arasında ticarət əlaqələrinin son 14 ildə ən yüksək səviyyəyə çatdığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan, bu hədəfin 3 milyard dollar olduğunu qeyd edib. Həyata keçirilən birgə enerji və nəqliyyat layihələrinin əhəmiyyətini yüksək dəyərləndirən Türkiyə Prezidenti bildirib ki, terrorçuluqla mübarizə, beynəlxalq inteqrasiya, ərazi bütövlüyü məsələləri müzakirə olunub. Dövlət başçısı qeyd edib ki, onun ölkəsi Azərbaycan-Gürcüstan-Ermənistan və yaxud Türkiyə-Azərbaycan-Gürcüstan üçtərəfli əməkdaşlıq formatlarını dəstəkləyir.

Səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığını ifadə edən Gürcüstanın Baş naziri İrakli Qaribaşvili birlikdə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri layihələrini xatırladaraq əminliklə ifadə edib ki, perspektivdə olan böyük əməkdaşlıq imkanları vardır.

Hər iki lider Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın real nəticələrindən, eləcə də beynəlxalq enerji və nəqliyyat layihələrindən məmnunluqlarını ifadə ediblər.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.