İDMAN
Türkiyə və İran yığmaları “Bakı-2017”nin su polosu yarışlarına qələbə ilə başlayıblar
Bakı, 13 may, P.İmanova, N.Həsənzadə, AZƏRTAC
Mayın 13-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su polosu yarışlarına start verilib.
AZƏRTAC xəbər verir ki, Su Polosu Arenasında beş gün davam edəcək yarışlarda kişilərdən ibarət beş komanda - Azərbaycan, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və İndoneziya medallar uğrunda mübarizə aparır.
Yarışların açılış oyununda Türkiyə və İndoneziya komandaları qarşılaşıblar. Görüşdə üstün oyun nümayiş etdirən Türkiyə millisi 21:4 hesabı ilə qələbə qazanıb.
Günün ikinci qarşılaşmasında isə Azərbaycan və İran milliləri üz-üzə gəliblər. Gərgin idman mübarizəsi şəraitindən keçən oyunda İran millisi 16:10 hesabı ilə qalib gəlib.
Mayın 14-də su polosu yarışları çərçivəsində Səudiyyə Ərəbistanı-İran və Azərbaycan-İndoneziya qarşılaşmaları keçiriləcək.