DÜNYA
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Ankara, 28 sentyabr, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilir ki, liderlər Rusiya-Ukrayna müharibəsindəki vəziyyəti müzakirə ediblər.
Türkiyə dövlət başçısı Rusiya ilə Ukrayna arasında əsirlərin dəyişdirilməsinin uğurla başa çatmasından məmnunluğunu ifadə edib.
Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracatı istiqamətində razılaşmanın davam etdiyini xatırladan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bənzər bir yanaşmanın Zaparojye Atom Elektrik Stansiyasında (AES) da göstərilə biləcəyini, bu AES-in ətrafının hərbiləşdirilməyən ərazi olması yönündə lazım olan vasitəçilik missiyasının tətbiqinin mümkünlüyünü deyib.
Ukrayna ərazisində keçirilən birtərəfli referendumun diplomatik səylərə çətinlik yaradacağını bildirən Türkiyə dövlət başçısı mövcud müharibənin sülh danışıqları yolu ilə həlli üçün lazım olan bütün köməyi göstərməyə hazır olduğunu qeyd edib.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara