SİYASƏT
Türkiyə xalqı həm də sabitlik və inkişafa səs verdi

Bakı, 29 may, AZƏRTAC
Türkiyədə keçirilən prezident seçkilərinin ikinci turunda xalq böyük etimad göstərərək Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçməsi tək Türkiyənin deyil, regionun, bütün Türk dünyasının taleyində mühüm rol oynayacaq. Türkiyə daha da güclü bir ölkəyə çevriləcək və eyni zamanda, Türk dünyası arasında inteqrasiya güclənəcək. Türk dövlətlərinin birliyi real gücə çevriləcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrinə münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın yenidən Türkiyə Prezident olacağı gözlənilirdi: “Onun əsas rəqibi olan Kamal Kılıçdaroğlunun xarizması olduqca zəif idi. Həmçinin onun “İpək yolu” xəritəsində Azərbaycanı çıxdaş etməsi Türkiyə vətəndaşlarında böyük hiddət doğurmuşdu. Türkiyəyə qardaş ölkə olan Azərbaycanı bu cür mühüm layihədən kənarda saxlayan bir düşüncə sahibi bu ölkəyə rəhbərlik edə bilməzdi. Azərbaycana qarşı qərəzli və təxribatçı çıxışları ilə yadda qalan birinə Türkiyə xalqı yerini göstərdi. Qardaş Türkiyədə keçirilən növbəti seçkilərdə Rəcəb Tayyib Ərdoğan və Cümhur İttifaqı tərəfindən qazanılan möhtəşəm qələbə bütün türk dünyası tərəfindən sevinclə qarşılandı
Həm 14 mayda, həm də 28 may tarixlərində Türkiyədə keçirilən seçkilər həqiqətən dünya ölkələri üçün demokratiya nümunəsi idi. Türkiyə vətəndaşlarının RT.Ərdoğana olan münasibəti, onun bu müddət ərzində göstərdiyi fəaliyyətə adekvat idi. Biz inanırdıq ki, Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçiləcək. Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana siyasi və mənəvi dəstək verməsini biz unuda bilmərik. Münasibətlərin bu qədər yüksək səviyyəyə çatmasında təbii ki, Azərbaycan və Türkiyə liderlərinin özünəməxsus rolu var”.
Politoloqun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğan qlobal problemlərin həllinə təsir göstərən dünya səviyyəli bir liderdir: “Onun hakimiyyəti dövründə Türkiyə iqtisadi, hərbi sahələrdə çiçəkləndi. Bu gün dünya dövlətləri Türkiyə ilə hesablaşır. Rusiya-Ukrayna arasında gedən müharibədə Türkiyənin hümanizmə əsaslanan mövqeyi dünya ölkələri tərəfindən təqdir olunur. Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə gerçəkləşən taxıl sazişi sayəsində Ukrayna taxılı Afrika, Avropa ölkələrinə daşındı və bununla da qlobal ərzaq qıtlığının qarşısı alındı”.
R.Alıyev qeyd edib ki, R.T. Ərdoğanı ilk təbrik edən siyasi lider Azərbaycan Prezidenti İlham Əliyevin olması iki ölkə arasındakı münasibətlərin yüksək səviyyəsindən xəbər verir: “Seçkinin yekun nəticələri açıqlanmadan dövlətimizin başçısı qardaş ölkənin Prezidentini təbrik etməklə yanaşı, Azərbaycana da dəvət etdi. Rəcəb Tayyib Ərdoğan ona olunan bu təbriki İstanbuldakı çıxışında bəyan etdi. Onun qələbəsi Azərbaycan-Türkiyə strateji müttəfiqliyini daha da möhkəmləndirəcək. Eyni zamanda, iki qardaş ölkənin liderləri birlikdə qarşıya qoyduqları məqsədlərə çatacaqlar, Türk dünyasının birliyini daha da möhkəmləndirəcəklər. Bu gün Azərbaycan xalqı R.T.Ərdoğanın yenidən prezident seçilməsinə sevinir, bunu Türk dünyasının qələbəsi kimi qəbul edir. Bu seçkilərdə Türkiyə xalqı təkcə Ərdoğana deyil, həm də güclü inkişafa, tərəqqiyə, sabitliyə səs verdi”.