MƏDƏNİYYƏT


Türkiyədə Azərbaycan musiqisinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakı, 15 sentyabr, AZƏRTAC

18 sentyabr - Milli Musiqi Günü ərəfəsində Türkiyənin Üsküdar Universiteti tərəfindən “Tarixi, sənətşünaslıq və sosioloji baxış bucağından Türkiyədə Azərbaycan musiqisi” adlı onlayın elmi-praktik videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı giriş nitqi ilə tədbirin təşkilat komitəsinin rəhbəri, Üsküdar Universitetinin sosiologiya kafedrasının müdiri, professor Əbülfəz Süleymanlı açıb. Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu qeyd edən Ə. Süleymanlı musiqinin, xüsusilə sovet dövründə iki qardaş xalq arasında mənəvi bağın qorunub saxlanılmasında müstəsna əhəmiyyətə malik olduğunu konfrans iştirakçılarının nəzərinə çatdırıb . Konfransın Bakının erməni-bolşevik işğalından azad edilməsinin 103-cü ildönümü gününə təsadüf etdiyini qeyd edən Ə.Süleymanlı ərazi bütövlüyümüz uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsini yad edib.

Konfransın ilk məruzəçisi, Azərbaycan Respublikasının İstanbul şəhərindəki konsulu Zaur Allahverdizadə isə öz çıxışında iki qardaş ölkə arasında münasibətlərin tarixindən bəhs edərək, mədəni-kulturoloji əlaqələrinin əhəmiyyətindən danışmış, 18 sentyabr- Milli Musiqi Gününün tarixi əhəmiyyəti haqqında konfrans iştirakçılarına məlumat verib.

Daha sonra tar sənətçisi Nevcivan Özəl 1970-ci illərdən başlayaraq özünün də bilavasitə iştirakçısı olduğu Azərbaycan musiqisinin Türkiyədəki inkişaf mərhələləri haqqında məlumat verib, mövzu ilə bağlı maraqlı xatirələrini bölüşüb.

Tədbirdə İstanbul Dövlət Konservatoriyasının pianino bölməsinin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Tutu Aydınoğlunun Türkiyədə bəstəkar Pikə Axundovanın “Su qəsidəsi” əsərinin səhnəyə qoyulması və bu əsərin fəlsəfi və sənətşünaslıq baxımından əhəmiyyəti haqqında geniş məruzəsi dinlənilib.

Gənc tədqiqatçı Ecem Tuğçe Akbulutun maestro Niyazinin Türkiyədəki sənət fəaliyyətindən, onun dirijorluğu ilə qardaş ölkədə səsləndirilən əsərlər haqqında məlumat verib, Azərbaycan simfonik musiqisinin Türkiyə musiqi məkanına tanıdılması və təbliğ edilməsində maestronun əvəzsiz xidmətlərindən danışıb.

Konfransda Türkiyə- Almaniya Yazıçılar İttifaqının həmsədri Orxan Aras, Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin kafedra müdiri Mübariz Süleymanlı və digər qonaqlar iki qardaş ölkə arasında mədəni sahədə mövcud əlaqələrdən bəhs ediblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.