DÜNYA
Türkiyədə FETÖ və PKK/KCK terror təşkilatlarına qarşı xüsusi əməliyyat keçirilib
Ankara, 1 oktyabr, AZƏRTAC
Türkiyə təhlükəsizlik qüvvələri İzmir və Qars şəhərlərində terror təşkilatlarına qarşı xüsusi antiterror əməliyyatları keçirib.
AZƏRTAC xəbər verir ki, İzmirdə keçirilən əməliyyatlar nəticəsində FETÖ üzvlərinə məxsus evlərdə şübhəli şəxs qismində 23 nəfər saxlanılıb. Bu evlərdən ümumilikdə 13 min avro, 2700 ABŞ dolları, 48 min 650 türk lirəsi məbləğində pul və digər vəsaitlər aşkarlanaraq müsadirə olunub.
Qarsda isə PKK/KCK terror təşkilatlarına qarşı xüsusi əməliyyat keçirilib. PKK-nın siyasi qolu sayılan Xalqların Demokratik Partiyasının (HDP) rayon təşkilatlarının və bu partiyanı təmsilçiləri olan bələdiyyə sədrlərinin də aralarında olduğu 19 nəfər şübhəli şəxs qismində həbs edilib.
Xatırladaq ki, İŞİD-in İraqın Kobani şəhərinə hücumunu bəhanə edən HDP-nin qərarı ilə 2014-cü il oktyabrın 6-7-də Türkiyədə keçirilən etiraz aksiyaları iğtişaşlara çevrilmiş, dövlətə və əhaliyə ciddi ziyan vurulmuşdu. Hazırda həmin hadisələrlə bağlı cinayət işinin istintaqı davam edir. Cari il sentyabrın 25-də bu cinayətlər əsasında çoxlu sayda şübhəli şəxs həbs olunub. Həmin hadisələrlə bağlı HDP-nin cinayət əməllərinə dair çoxlu sayda fakt toplanıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara