QAN YADDAŞI


Türkiyədə Xocalı soyqırımına həsr olunan “Unutmadıq, unutmayacağıq!” devizi ilə anım mərasimi keçirilib VİDEO

Ankara, 25 fevral, AZƏRTAC

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Ankaranın Qızılcahamam rayonunda yerləşən Qızılcahamam Xocalı Abidə-Muzey Kompleksində anım mərasimi təşkil olunub.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfirliyi ilə Qızılcahamam bələdiyyəsinin birgə təşkilatçılığı əsasında keçirilən mərasimdə rəsmi şəxslər, Ankara ictimaiyyətinin tanınmış simaları, yerli sakinlər, QHT və KİV təmsilçiləri iştirak ediblər.

“Unutmadıq, unutmayacağıq!” şüarı ilə keçirilən mərasim şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb.

Rəsmi hissədə Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyə Böyük Millət Məclisinin deputatı Əmrullah İşlər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qızılcahamam bələdiyyəsinin sədri Muhiddin Güney, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun sabiq rəhbəri Necdət Ünivarın çıxışları dinlənilib.

Çıxışlarda 27 il əvvəl Azərbaycanın Xocalı şəhərində ermənilər tərəfindən törədilən insanlıq əleyhinə cinayətin səbəb, məqsəd və dəhşətli nəticələrindən danışılıb. Diqqətə çatdırılıb ki, saxta “soyqırımı” iddiası ilə Türkiyəni günahkar çıxarmağa çalışan Ermənistan, o cümlədən bu məsələdə təcavüzkar dövlətə dəstək verənlər dünya ictimaiyyəti tərəfindən daha geniş şəkildə qınanılmalı və ittiham olunmalıdırlar. Qeyd olunub ki, Xocalı soyqırımı XX əsrdə insanlıq əleyhinə törədilən ən ağır cinayətlər sırasındadır. Sülhsevər dünya ictimaiyyəti Xocalı soyqırımı ilə bağlı ədalətli mövqe sərgiləməli, bu cinayəti törədənlər beynəlxalq səviyyədə mühakimə olunmalıdırlar. Çıxışlarda, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində görülən işlər yüksək dəyərləndirilib.

Rəsmi hissədən sonra Qızılcahamam Xocalı Abidə-Muzey Kompleksinin önünə əklil qoyulub, gül dəstələri düzülüb.

Xocalı Abidə-Muzey Kompleksini ziyarət edən iştirakçılar buradakı “xatirə dəftəri”nə ürək sözlərini yazıblar.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.