İQTİSADİYYAT
Türkiyədə "InterFresh-2018" sərgisində Azərbaycan məhsullarının xarici ölkə bazarlarına ixracı imkanları araşdırılıb
Bakı, 22 oktyabr, AZƏRTAC
“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndə heyəti Türkiyənin Antalya şəhərində keçirilmiş "InterFresh-2018" kənd təsərrüfatı sərgisində iştirak edib.
ASC-dən AZƏRTAC-a bildirilib ki, 25 ölkənin yaş və quru meyvə-tərəvəz istehsalçıları, kənd təsərrüfatı məhsullarının tədarükü, logistikası və təchizatı sahəsində fəaliyyət göstərən şirkətlərin iştirak etdiyi sərgidə nümayəndə heyətinə İdarə Heyətinin sədri Əbülfət Qocayev rəhbərlik edib.
Məlumata əsasən, nümayəndə heyəti sərgidə qabaqcıl şirkətlərlə işgüzar görüşlər keçirib, Azərbaycan məhsullarının xarici ölkə bazarlarına ixracı imkanlarını araşdırıb və gələcək əməkdaşlıq perspektivlərini müzakirə edib.
Sərgi çərçivəsində Rumıniyanın “S.C. Contec Food S.R.L” şirkəti ilə də müzakirələr aparılıb. Müzakirədə 100 ton soğanın Rumıniyaya ixrac olunması barədə razılıq əldə olunub. Bundan başqa, adıçəkilən şirkət üçün Azərbaycanda istehsal olunan sarımsaq, bibər və digər məhsullar haqqında geniş məlumat təqdim olunub və nəticədə bir sıra məhsulların da ixracı haqqında ilkin razılığa gəlinib.
İdarə Heyətinin sədri Ə.Qocayev İtaliyanın “Advisor” şirkətinin rəhbəri Marco Carena ilə də görüşüb və Azərbaycanda yetişdirilən nar məhsulunun italyan şirkəti vasitəsilə Avropa bazarlarına çıxarılaraq satışının təmin olunması qərara alınıb.
Müzakirədə Ə.Qocayev Azərbaycanda xarici investorlara dövlət səviyyəsində yaradılmış şərait haqqında geniş məlumat verib, dövlət səviyyəsində həyata keçirilən işlər xarici tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycandakı investisiya mühitini yüksək dəyərləndirən şirkət nümayəndələri yaxın günlərdə yenidən görüş keçirilməsini təklif ediblər.
Sərgidə iştirak edən “LS Fruit” italyan şirkətinin təmsilçiləri də Səhmdar Cəmiyyətin nümayəndələri ilə müzakirə aparıblar. Avropanın bir neçə ölkəsində filialı olan şirkət nümayəndələri Bolqarıstanda yerləşən filialı üçün soğan və sarımsaq məhsulları almaq fikrində olduqlarını bildiriblər. Hazırda bu məsələ ilə bağlı işçi qrupu səviyyəsində danışıqlar davam etdirilir.
Sərgi çərçivəsində “Egemas”,”Kapari”,”Neva Fresh”, “Pobeda”, “Food Logistics”, “Plasteks”, “Octohumi”,”Cantek Group”,”Başak”, “Bayandırlar”, “Gener”, “Tekasya”, “Özlertarım”, “Agrodrip”, “Sorma”, “Finkum”, “Europe”,”Netafim”, Sunstream”,”Realife”,”Gencgüçsan”, “Mey-Pak” və digər şirkətlərlə işgüzar görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq qurulması istiqamətində müzakirələr aparılıb.