ELM VƏ TƏHSİL


Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş ümumrespublika elmi seminarı

Bakı, 9 fevral, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunda Türkiyədə baş vermiş zəlzələyə həsr olunmuş ümumrespublika elmi seminarı keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Türkiyədə baş vermiş zəlzələ nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Seminarda Neft və Qaz institutunun baş direktoru akademik Fəxrəddin Qədirov “2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş şiddətli zəlzələ haqqında ekspress mülahizələr” mövzusunda təqdimatla çıxış edib.

F.Qədirov İran, Ərəbistan, Qafqaz plitəsinin seysmoloji aktivliyini əks etdirən vizual görüntülər əsasında yeraltı təkanların xarakterini izah edib. Bildirib ki, ölçüsündən asılı olmayaraq bir plitənin hərəkəti digər plitələrin oyanmasına səbəb ola bilir və nəticədə zəlzələ hadisəsi baş verir. Sözügedən regionda da təbii fəlakət bu prinsipə uyğun idi. Yeraltı təkanların hərəkəti həm irəli, həm də geri dönməyə meyilli olur. Eləcə də bu proses bir neçə gün davam edə bilir.

Akademik kosmik geodeziya tədqiqatları (GPS) və Azərbaycanda aktiv tektonik zonaların proqnozlaşdırılması mövzusuna da toxunaraq diqqətə çatdırıb ki, zəlzələnin öyrənilməsi ilə bağlı ölkəmizdə 2000-ci ildən başlayaraq böyük şəbəkə yaradılıb. Təbii fəlakətin dəqiq proqnozlaşdırılması hələlik mümkün olmasa da, fəlakətin nəticələrinin minimuma endirilməsi tamamilə realdır. Tikinti-inşaat işlərində dəqiq mühəndis hesablamaları və insanların maarifləndirilməsi sayəsində faciəvi sonluqları xeyli azaltmaq olar.

Təqdimat ətrafında çıxışlar zamanı Geologiya və Geofizika İnstitutu Seysmologiya və seysmik təhlükənin qiymətləndirilməsi şöbəsinin rəhbəri dosent Qulam Babayev fevral ayının 6-da Türkiyədə baş vermiş zəlzələ haqqında elmi mülahizələrini bölüşüb. Alim bildirib ki, dünyaya səs salan son zəlzələ hadisəsi bir daha göstərdi ki, insanlar həyatını zəlzələnin özünə görə yox, onun törətdiyi dağıntıya görə itirirlər. Yəni zəlzələ faktorunu nəzərə alıb dəqiq hesablamalar aparılmadan inşa edilən tikintilərin dağılmasına görə faciə baş verir. Nə qədər ki, zaman, yer və güc baxımından zəlzələni proqnozlaşdırmaq mümkün deyil, yaşayış zonalarının seysmik risklər xəritəsini yaratmaq zəruridir.

Təqdimat ətrafında çıxışlardan sonra çoxsaylı suallar cavablandırılıb.

İnstitutun baş direktoru akademik Akif Əlizadə bildirib ki, Azərbaycanda çoxşaxəli seysmoloji tədqiqatların kompleks şəkildə (digər təşkilatları cəlb etməklə) aparılması üçün dövlət proqramı hazırlamaq istiqamətində çalışmaq və bu vahid normativ sənəd əsasında hərəkət etmək zəlzələ risklərinə qarşı bu gün ən real tədbir ola bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.