ELM VƏ TƏHSİL
Türkiyədə beynəlxalq simpoziumda Azərbaycanı iki tədqiqatçı alim təmsil edib
Bakı, 1 iyul, AZƏRTAC
Türkiyənin Nevşəhər şəhərinin Hacıbektaş bölgəsində “Xalq aşıqları Hacı Bektaş görüşməsi” adlı XII beynəlxalq simpoziumda Azərbaycanı iki tədqiqatçı alim AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd və tədqiqatçı-şair Qardaş Əlişoğlu təmsil ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, Hacı Bektaş Vəli Kültür Dərnəyi tərəfindən təşkil olunan simpozium türkiyəli el şairi Mısır Babanın xatirəsinə ithaf olunub. Tədbirdə Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Azərbaycan və Türkiyədən olan alimlər aşıq yaradıcılığı mövzusunda məruzə ediblər.
Vüqar Əhməd XIX əsrin sonu - XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Bakı-Abşeron aşıqlarının yaradıcılığını əks etdirən, eləcə də ümumi Azərbaycan aşıq sənəti barədə məruzə ilə çıxış edib. Simpoziumun fəxri qonağı olan Vüqar Əhməd tədbirin moderatoru, şöhrətli alim Hayrettin İvgin və Hacı Bektaş Kültür Dərnəyinin başqanı Mustafa Özcivan tərəfindən fəxri fərman və təşəkkürnamə ilə təltif olunub.
Tədbir haqqında Antalya televiziyası süjet hazırlayıb, Vüqar Əhmədin çıxışı tam olaraq “Antalya TV”də işıqlandırılıb.
Simpoziumun ikinci hissəsində Türkiyə xoru və aşıqları Mısır Babanın sözlərinə bəstələnmiş mahnılar ifa ediblər. Hacı Bektaş Kültür Dərnəyinin təşkilatçılığı ilə simpozium iştirakçıları Kappadokiyanın tarixi yerlərinə səyahət ediblər.
Qeyd edək ki, simpozium iştirakçılarının məruzələri kitab halında çap olunacaq.